Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı növbəti dəfə Türk dünyasının elm və mədəniyyət mərkəzi kimi çıxış edir

Bakı növbəti dəfə Türk dünyasının elm və mədəniyyət mərkəzi kimi çıxış edir


"Bakıda I Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk Dünyası Həftəsi”nin keçirilməsi həqiqətən də olduqca mühüm tarixi hadisədir. Azərbaycan uğurla ev sahibliyi etdiyi bu növbəti mötəbər beynəlxalq tədbirə Türk dünyası dövlətləri də daxil olmaqla, 20 ölkədən rəsmilər, türk əməkdaşlıq təşkilatlarının rəhbərləri və nümayəndələri, eləcə də 126 türkoloq-alim qatılıb. Tədbirə Azərbaycan və Türkiyə liderləri başda olmaqla TDT üzvü olan 5 ölkənin prezidentlərinin təbrik məktublarının ünvanlanması bu toplantının mənəvi-siyasi əhəmiyyətini daha da artırır. “Türk Dünyası Həftəsi” sadəcə yubiley tədbiri deyil, birlik və əməkdaşlığımıza təkan vermək üçün yeni fürsətdir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, yüz il əvvəl Bakıda türk xalqlarının gələcəyini yenidən şəkilləndirən belə bir tarixi qurultayın keçirilməsi bütün Türk dünyasının yenidən bir araya gəlməsinin, mənəvi birliyinin, həmrəyliyinin təməlini qoyub:

"1926-cı ilin soyuq fevral-mart aylarında Bakıda toplaşan bütün türk aydınları gələcəkdə Türk xalqlarının bir-birinə daha da yaxınlaşacaqlarına, həmrəylik nümayiş etdirəcəklərinə inanır və Türk dünyasının birliyinin gec-tez gerçəkləşəcəyinə böyük ümidlər bəsləyirdilər. Bu baxımdan, bu gün yüz illiyini qeyd etdiyimiz Birinci Türkoloji Qurultayını türk xalqlarının birlik və həmrəylik görüşü adlandırmaq olar. Yüz ilin tamamında müstəqil türk dövlətlərinin təmsilçilərinin yenidən Bakıda bir araya gəlməsi tarixi zərurətin gerçəkliyə çevrilməsinin göstəricisidir. Bu gün Türk Dövlətləri Təşkilatının (TDT) üzvlərinin birgə səylərinin nəticəsində Türk dünyasında çoxşaxəli əməkdaşlıq mühiti getdikcə daha da dərinləşir".

Komitə sədri qeyd edib ki, Bakının növbəti dəfə Türk dünyasının elm və mədəniyyət mərkəzi kimi çıxış etməsi, I Türkoloji Qurultayın tarixi ənənələrinin günümüzdə layiqincə davam etdirildiyinin bariz nümunəsidir:

"Bu tədbirin əhəmiyyətini vurğulayan əsas məqam onun tarixi varislik missiyasını daşımasıdır. 1926-cı ildə Bakıda keçirilən I Türkoloji Qurultay bütün türk xalqlarının mədəni və elmi inteqrasiyasında dönüş nöqtəsi olmuşdu. 100 il sonra bu tarixin yenidən Bakıda böyük təntənə ilə qeyd edilməsi, Azərbaycanın bu mirasa sahib çıxdığını və onu gələcək nəsillərə ötürmək əzmini göstərir. Prezident İlham Əliyevin “Türk Dünyası Həftəsi”nin iştirakçılarına müraciətində vurğuladığı kimi, bu gün TDT-nin ortaq humanitar məkanın formalaşdırılması istiqamətində həyata keçirdiyi işlərin ideya əsasları məhz Birinci Türkoloji Qurultayın irəli sürdüyü mütərəqqi prinsiplərə söykənir.
Eyni zamanda, siyasi iradə və az öncə toxunduğumuz birlik-həmrəylik faktoru da çox önəmlidir. TDT-yə üzv ölkələrin dövlət başçılarının təbrik məktubları sadəcə diplomatik bir jest deyil, bu, ortaq bir gələcək vizyonunun və siyasi birliyin təsdiqidir. Bu cür yüksək səviyyəli dəstək, "Türk dünyası" anlayışının artıq daha sıx inteqrasiya olunmuş, birgə fəaliyyət göstərən bir güc mərkəzinə çevrildiyini və ortaq siyasi iradə ilə mühüm vəhdət təşkil etdiyini bir daha əyani nümayiş etdirir, sübut edir. Azərbaycan Türk dünyasının birləşdirici mərkəzi rolunda çıxış edir. Ölkəmizin belə mötəbər tədbirlərə ev sahibliyi etməsi, onun Türk dünyasının birliyinin təmin olunmasında, mədəni körpülərin qurulmasında və ortaq dəyərlərin dünyada tanıdılmasında həlledici rol oynadığını bir daha təsdiqləyir. Bütün bu məqamlar ölkəmiz üçün doğrudan da çox vacib və qürurvericidir".

Süleyman
Xəbəri paylaş