Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Aİ-Azərbaycan əməkdaşlığının yeni inkişaf perspektivləri

Aİ-Azərbaycan əməkdaşlığının yeni inkişaf perspektivləri



"Avropanın enerji təhlükəsizliyində mühüm aktor rolunu oynayan Azərbaycana qoca qitədə maraq getdikcə artır. Xüsusilə, regional və qlobal münaqişələr fonunda ənənəvi neft və qaz daşıma kəmərlərinin, neft anbarlarının münaqişələr nəticəsində zərbələrə məruz qalması, ənənəvi enerji daşıyıcı marşrutların risk altında qalması Azərbaycana Avropada marağın artırılmasını şərtləndirən başlıca amillərdir. Bu baxımdan indi Avropa əvvəlkindən daha çox Azərbaycanın enerji resurslarına ehtiyac hiss edir. Elə Avropa Komissiyasının prezidenti Ursula for der Lyaenin Azərbaycana səfəri də məhz bu zərurətdən irəli gəlir".

Bu fikirləri Newscenter.az- "Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədri Süleyman İsmayilbəyli deyib. O bildirib ki, Avropa Komissiyasının prezidentinin iyulun 1-də Azərbaycana baş tutan səfəri göstərir ki, Avropa İttifaqı Bakı ilə münasibətləri təkcə enerji sahəsində deyil, həm də nəqliyyat, rəqəmsal bağlantı və regional təhlükəsizlik istiqamətlərində dərinləşdirmək niyyətindədir:

"Səfər zamanı həm ikitərəfli əməkdaşlıq, həm də Cənubi Qafqazda sülh gündəliyi əsas müzakirə mövzuları oldu. Səfərin hər iki tərəf üçün perspektivlərinə gəlincə, bura xüsusilə enerji əməkdaşlığının genişləndirilməsi daxildir. Avropa İttifaqı Azərbaycanın təbii qaz təchizatçısı kimi rolunu qəbul etməklə yanaşı, yaşıl enerji və Xəzərdən Avropaya elektrik enerjisinin ötürülməsi layihələrində əməkdaşlığı da genişləndirmək niyyətindədir. Bundan başqa nəqliyyat və logistika, bağlantı layihələrinin inkişaf etdirilməsi Brüssel üçün əsas məqsədlərdəndir. Bu mənada qurum Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığının yaradılmasını təklif edib və Cənubi Qafqaz üzrə nəqliyyat, enerji və rəqəmsal infrastruktur layihələrinə 200 milyon avroya qədər qrant ayıracağını, bunun isə daha böyük həcmdə investisiyaları cəlb edə biləcəyini bildirir".

İctimai birlik sədri qeyd edib ki, Orta Dəhlizin inkişafı da həm Bakı, həm də Brüsselin maraqlarına xidmət edir:

"Bildiyimiz kimi Orta Dəhliz vasitəsilə Azərbaycanın Avropa ilə Mərkəzi Asiya arasında əsas tranzit mərkəzlərindən biri kimi rolu daha da ön plana çıxır və Bakı limanı, dəmir yolu əlaqələri kimi layihələrə maraq artır. Bütün bunlar gələcək əməkdaşlığın çoxşaxəli olması üçün mövcud olan imkanlardır və hesab edirəm ki, bu imkanlar lazımı səviyyədə dəyərləndiriləcək".

Arzu
Xəbəri paylaş