Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bakı-Moskva xəttində son dövrün ən ciddi diplomatik gərginliklərindən biri

Bakı-Moskva xəttində son dövrün ən ciddi diplomatik gərginliklərindən biri


Azərbaycan Xarici İşlər Nazirliyinin Rusiya səfiri Mixail Yevdokimovu çağıraraq kəskin etiraz notası təqdim etməsi Bakı-Moskva xəttində son dövrün ən ciddi diplomatik gərginliklərindən biridir. Ukraynanın Mikolayiv vilayətində SOCAR-a məxsus yanacaqdoldurma məntəqəsinin dron hücumuna məruz qalması ilə bağlı XİN-in bəyanatındakı ən sərt məqam, haqlı olaraq bu hücumların məqsədyönlü şəkildə həyata keçirilmə ehtimalına dair vurğudur.

Həqiqətən də müharibə şəraitində koordinat səhvləri bir-iki dəfə qəbul edilə bilsə də, SOCAR-a məxsus Odessadakı neft bazası, qazpaylayıcı stansiya və son Mikolayiv hadisəsi artıq bütöv bir hədəf zənciri formalaşdırır. SOCAR Azərbaycan dövlətinin iqtisadi simvolu və strateji sütunu olduğu üçün bu obyektlərin ardıcıl hədəf alınmasını rəsmi Bakı təsadüf statusundan çıxarır və Moskvaya bu səhvləri müharibənin qaçılmaz itkiləri kimi qəbul etməyəcəyi mesajını verir.

​Digər tərəfdən, etiraz notası sadəcə kommersiya mülkiyyəti ilə məhdudlaşmır, Kiyevdəki Səfirlik və Xarkovdakı Fəxri Konsulluq binalarının da zərər gördüyünün xatırladılması məsələni birbaşa beynəlxalq hüququn əsası olan Vyana Konvensiyasına bağlayır. Yəni Azərbaycan məsələni birtərəfli müstəvidən çıxararaq, Rusiyanın beynəlxalq öhdəliklərini kobud şəkildə pozduğunu rəsmən sənədləşdirir. Rusiyanın bu notadan sonra dərhal günahını etiraf edəcəyini gözləmək real olmasa da, Azərbaycan bu addımı ilə gələcəkdə dəymiş ziyanın kompensasiyası üçün hüquqi baza yaradılır və Moskva ilə danışıqlar masası üçün əhəmiyyətli bir siyasi arqument əldə edilir. Ən əsası isə bu qətiyyətli mövqe Azərbaycanın öz mülkiyyətini, vətəndaşını və diplomatik statusunu hər bir şərtdə qorumaq iradəsinin açıq göstəricisidir.

Bəhruz Məhərrəmov,

Milli Məclisin deputatı
Xəbəri paylaş