Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan tarixi səhvə imkan vermədi

Azərbaycan tarixi səhvə imkan vermədi


Məlum olduğu kimi İsrail hökumət kabineti ötən ayın sonlarında qondarma erməni soyqırımını tanıyan qərar qəbul etmişdi. Türkiyə ilə yanaşı, Azərbaycan dövləti də bu məsələyə dərhal öz narazılığını ifadə etmiş, Xarici İşlər Nazirliyinin iyunun 29-da yaydığı bəyanatda bu cür addımların yolverilməz olduğunu, barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət etdiyini, regionda davamlı sülh və barışıq səylərinə mane olduğunu bəyan etmişdi.
Qərarın qüvvəyə minməsi üçün həmin qərarın parlamentdə təsdiqlənməsi tələb olunurdu.
Rəsmi Bakının İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırması və tarixi səhvə yol verməməyə dəvət etməsindən sonra vəziyyət köklü şəkildə dəyişdi. Çünki bu qərar qardaş Türkiyənin milli maraqları ilə yanaşı, həm də Azərbaycana qarşı ərazi iddialarında olan Ermənistanın siyasi niyyətlərinə xidmət etməklə, ölkələrimiz arasında strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş münasibətlərə xələl gətirə bilərdi. Eyni zamanda, Türkiyə ilə müttəfiqlik münasibətləri Azərbaycanın xarici siyasətinin dəyişməz prioritetlərindən biridir və Ankara və Bakı bu cür məsələlərdə eyni qətiyyətli siyasətə sadiqdir.
Məhz bu konteksdən yanaşdıqda, Azərbaycanın bu prinsipail mövqeyi İsrailin rasional siyasi dairələri və ictimai elitası tərəfindən, habelə yəhudi lobbisi tərəfindən nəzərə alınaraq qərarın parlament qapısından geri qaytarılmasına səbəb oldu.
Əlbəttə, bu, böyük diplomatik uğurdur və rəsmi Bakının qətiyyətli iradəsi İsrailin siyasi-ictimai qüvvələrini ölkəmizlə hesablaşmaq, siyasi kursunu nəzərə almasının bariz nümunəsidir.
Baş verənlər bir daha təsdiq edir ki, Azərbaycan Cənubi Qafqazın lider ölkəsi kimi regional proseslərə də təsir edən mühüm aktordur.
Bu, həm də, İsrailin yaxın strateji dost və müttəfiq saydığı Azərbaycanın milli maraqlarına, türkdilli dövlət kimi mənafeyinə toxuna biləcək məqamlara həssas yanaşdığını, Azərbaycanla gələcək münasibətlərin ruhunu zədələyəcək addımlar atmaqdan yan keçdiyini göstərir.
Onu da qeyd edim ki, Azərbaycan və İsrail arasında yaxın dostluq və strateji tərəfdaşlıq haqqında onlarla məqalə yazmışam, “Dostumuz, müttəfiqimiz” adlı kitabım nəşr edilib. Kitab hər iki ölkənin siyasi-ictimai, elmi dairələrində yüksək rəğbət qazanıb, İsrail Dövlətinin ölkəmizdəki Fövqəladə və səlahiyyətli səfiri Ronen Krausz bir müddət əvvəl məni Səfirliyə dəvət edərək həmin kitabın yazılması və nəşrinə görə, dərin minnətdarlığını bildirib.
Kitabın Səfirliyin binasında öz xüsusi yerini aldığını və diplomatların maraqlı nəşrlərindən birinə çevriləcəyinə əminliyini ifadə edib. Cənab Krausz Səfirliyin təşəbbüsü ilə kitabın ibrit və ingilis dilinə tərcümə olunaraq böyük tirajla yenidən nəşr edilməsi və İsraildə Azərbaycan səfirliyinin, ictimai-siyasi dairələrin nümayəndələrinin iştirakı ilə geniş təqdimatının nəzərdə tutulduğunu xatırlatdı.
Bütün bunlar Azərbaycan və Yəhudi xalqları arasında möhkəm dostluq münasibətlərinə verilən yüksək dəyərin nümunəsidir və inanıram ki, İsrail Azərbaycan və Türkiyəninb liderliyi ilə regionda formalaşan yeni geosiyasi proseslərə - sülh və rifah quruculuğuna dəstək verməklə daha güclü əməkdaşlıq platforması qurulmasını təşviq edəcək.

Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor
Xəbəri paylaş