Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sahibə Qafarova Parlamentlərarası İttifaqın yüksək səviyyəli dialoqunda çıxış edib

Sahibə Qafarova Parlamentlərarası İttifaqın yüksək səviyyəli dialoqunda çıxış edib


Milli Məclisin sədri Sahibə Qafarova Parlamentlərarası İttifaqın "Parlamentarilərin Rəqəmsal İdarəetmə üzrə Dialoqu" mövzusunda yüksək səviyyəli dialoqunda iştirak edib.

Newscenter.az xəbər verir ki, tədbirə onlayn formatda qatılan spiker Sahibə Qafarova çıxışında deyib ki, rəqəmsal idarəetmə mövzusu getdikcə beynəlxalq ictimaiyyət üçün daha böyük əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, rəqəmsal transformasiya artıq sadəcə texnoloji proses deyil. O müasir idarəetmənin, dayanıqlı inkişafın və səmərəli dövlət xidmətlərinin göstərilməsinin əsas elementinə çevrilib.

Milli Məclisin sədri qeyd edib ki, rəqəmsal idarəetmə müasir parlament institutlarının əsas sütunlarından birinə çevrilib. Rəqəmsal texnologiyalardan istifadə etməklə parlamentlər şəffaflığı artıra, qanunvericilik fəaliyyətinin səmərəliliyini yüksəldə, ictimai iştirakçılığı gücləndirə və bütün maraqlı tərəflər arasında inklüziv dialoqu təşviq edə bilərlər. O deyib ki, rəqəmsal transformasiya, eyni zamanda, parlamentlərarası əməkdaşlığın inkişafı, bilik və qabaqcıl təcrübə mübadiləsinin sərhədlərdən kənarda genişləndirilməsi üçün yeni imkanlar yaradır.

Eyni zamanda, rəqəmsal idarəetmənin inklüzivlik, əlçatanlıq, hesabatlılıq, kibertəhlükəsizlik və insan hüquqlarının, o cümlədən şəxsi həyatın toxunulmazlığı hüququnun qorunması prinsiplərinə əsaslanmalı olduğunu vurğulayan Sahibə Qafarovanın sözlərinə görə, rəqəmsal uçurumun aradan qaldırılması bütün parlamentlərin və vətəndaşların rəqəmsal transformasiya prosesindən bərabər şəkildə faydalanmasını təmin etmək baxımından ortaq məsuliyyətimizdir. O hesab edir ki, rəqəmsal texnologiyalar demokratik idarəetməni dəstəkləyən mühüm vasitə kimi çıxış etməli, dövlət institutlarına ictimai etimadı möhkəmləndirməli, açıq, şəffaf və vətəndaşların ehtiyaclarına həssas parlament dialoqunun inkişafına xidmət etməlidir. Beynəlxalq əməkdaşlığın gücləndirilməsi və potensialın artırılması istiqamətində birgə səylər rəqəmsal idarəetmənin dayanıqlı inkişafa, demokratik dayanıqlığın möhkəmləndirilməsinə və səmərəli parlament institutlarının formalaşmasına töhfə verməsinin əsas təminatlarından olacaq.

Bu baxımdan parlamentlərin mühüm rolunu vurğulayan Sahibə Qafarova bildirib ki, parlamentlərin məsuliyyəti təkcə texnoloji dəyişikliklərlə ayaqlaşan qanunvericiliyi qəbul etməkdən ibarət deyil, eyni zamanda rəqəmsal transformasiyanın şəffaflıq, hesabatlılıq və qanunun aliliyi prinsipləri əsasında həyata keçirilməsini təmin etməkdir.

Çıxışında Azərbaycanın rəqəmsal idarəetmənin inkişafına böyük əhəmiyyət verdiyini diqqətə çatdıran Milli Məclisin sədri qeyd edib ki, bu yanaşmanın tərkib hissəsi kimi, Azərbaycan Prezidentinin Fərmanı ilə rəqəmsallaşma, elektron hökumət, süni intellekt və innovasiya sahələrində dövlət siyasətinin əlaqələndirilməsi məqsədilə Rəqəmsal İnkişaf Şurası yaradılıb. O, deyib ki, Şuraya Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Mehriban xanım Əliyeva sədrlik edir.

Tədbir iştirakçılarına məlumat verilib ki, Azərbaycan Milli Məclisi rəqəmsal innovasiyalar üçün hüquqi bazanın möhkəmləndirilməsi və eyni zamanda hüquqi müəyyənliyin təmin edilməsi istiqamətində aktiv fəaliyyət göstərir. Azərbaycan parlamentinin qanunvericilik fəaliyyətinin əhəmiyyətli hissəsi rəqəmsal idarəetmənin və elektron hökumətin inkişafına həsr olunub. Azərbaycanın rəqəmsal transformasiyasını dəstəkləmək məqsədilə yeni qanunlar qəbul edilir, mövcud qanunvericilik isə texnoloji tərəqqiyə və idarəetmə sahəsində yaranan yeni tələblərə uyğun olaraq mütəmadi şəkildə təkmilləşdirilir.

Hazırda həyata keçirilən qanunvericilik islahatları çərçivəsində milli qanunvericiliyə rəqəmsal texnologiyalar, innovativ məhsullar və texnologiya transferi kimi anlayışların daxil edildiyini bildirən spiker Sahibə Qafarova qeyd edib ki, süni intellektin hüquqi statusu müəyyənləşdirilir, həmçinin rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün uzunmüddətli vergi güzəştləri nəzərdə tutulur. Onun sözlərinə görə, bu islahatlar bir daha göstərir ki, rəqəmsal transformasiya sürətlə inkişaf edən texnologiyalara çevik cavab verə bilən, ardıcıl və gələcəyə yönəlmiş hüquqi çərçivənin formalaşdırılmasını tələb edir.

Çıxışda bildirilib ki, qanunvericilik islahatları bu prosesin yalnız bir hissəsidir. Parlamentlər öz fəaliyyətlərində də rəqəmsal həllərdən səmərəli şəkildə istifadə etməlidirlər. Bunu nəzərə alaraq, Milli Məclisin öz institusional fəaliyyətinin rəqəmsal transformasiyasına xüsusi diqqət yetirdiyini bildirən spiker Sahibə Qafarova həmçinin xatırladıb ki, bu yaxınlarda ictimai müzakirələrin və parlament dinləmələrinin elektron formatda keçirilməsi üçün hüquqi əsas yaradan, bununla da vətəndaşların qərarqəbuletmə prosesində iştirak imkanlarını daha da genişləndirən qanun qəbul edilib.

Parlamentin fəaliyyətində rəqəmsal texnologiyaların tətbiqi haqqında da məlumat verən Sahibə Qafarovanın sözlərinə görə, bu gün rəqəmsal texnologiyalar parlament fəaliyyətinin ayrılmaz tərkib hissəsinə çevrilib. O deyib ki, elektron sənəd dövriyyəsi, elektron səsvermə sistemi və qanunvericilik prosesinin izlənilməsi sistemi şəffaflığın, səmərəliliyin və institusional fəaliyyətin effektivliyinin artırılmasına töhfə verir. Milli Məclisdə süni intellektdən komitə və plenar iclaslarda çıxışların avtomatik transkripsiyası üçün də istifadə olunur ki, bu da parlament fəaliyyətinin səmərəliliyini artırır və parlament stenoqramlarının dəqiqliyini təmin edir. Bundan əlavə, Milli Məclisin müvafiq bölməsi tərəfindən hazırlanmış mobil tətbiq vasitəsilə deputatlar və parlament əməkdaşları qanun layihələrinə, rəsmi yazışmalara və vətəndaş müraciətlərinə təhlükəsiz şəkildə çıxış əldə edə, eyni zamanda komitə iclasları, ictimai dinləmələr və parlamentin digər fəaliyyəti barədə operativ məlumat ala bilirlər.

Sonda Sahibə Qafarova qeyd edib ki, rəqəmsal transformasiya özlüyündə məqsəd deyil, daha keyfiyyətli idarəetməyə nail olmaq üçün bir vasitədir. O demokratik institutları gücləndirir, qanunvericiliyin keyfiyyətini yüksəldir, parlamentlərin fəaliyyətini daha şəffaf, daha səmərəli və vətəndaşların ehtiyaclarına daha həssas edir. Parlamentlərarası İttifaqa üzv parlamentlər arasında əməkdaşlıq, qabaqcıl təcrübə mübadiləsi və texniki dəstək ümumi məqsədlərimizin irəli aparılması üçün mühüm əhəmiyyət kəsb edir.

Süleyman
Xəbəri paylaş