
Türk Dünyası Mediatorlar Birliyinin Özbəkistan üzrə təmsilçisi Azərbaycan Mediasiya Şurasının qonağı olub, mediasiya təşkilatları və mediatorlarla görüşlər keçirib
Türk Dünyası Arabulucular Birliği'nin Özbəkistan üzrə nümayəndəsi, Daşkənd Dövlət Hüquq Universitetinin professoru, hüquq elmləri doktoru Faziljon Otaxanov Azərbaycan Mediasiya Şurasının qonağı olub.
Newscenter.az xəbər verir ki. səfər çərçivəsində Azərbaycan Respublikasının Ümummilli Lideri Heydər Əliyevin və görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın Fəxri Xiyabanda yerləşən məzarlarını ziyarət edib, gül dəstələri qoyan qonaq daha sonra Bakı şəhəri ilə tanış olub.

Faziljon Otaxanov həmçinin Mediasiya Şurasında, Bakı 8 saylı Mediasiya Təşkilatı, Bakı 18 saylı mediasiya təşkilatı və Bakı 25 saylı Mediasiya Təşkilatında qonaq olub və Azərbaycanda mediasiya prosesləri ilə yaxından tanış olub. Qonağa Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanan "Mediasiya haqqında" Azərbaycan Respublikasının Qanunundan irəli gələn işlərin icrası, Mediasiya Şurası, mediatorların və mediasiya təşkilatlarının təcrübəsi və əldə edilmiş nailiyyətlər barədə məlumat verilib.
Faziljon Otaxanov görülən işləri yüksək qiymətləndirib, Özbəkistan və Azərbaycan arasında geniş təcrübə mübadiləsi imkanlarının olduğunu qeyd edib. Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Türk Dünyası Mediatorlar Birliyi çərçivəsində Özbəkistan və Azərbaycan mediasiyası sahəsində görülən işlərin önəmli olduğunu qeyd edib.

Faziljon Otaxanov Bakı 8 saylı mediasiya təşkilatının direktoru Mayıl Əhməd, Bakı 18 saylı mediasiya təşkilatının direktoru Sadiq Bağırov, Bakı 25 saylı mediasiya təşkilatının direktoru Aqil Əsgərov, Bakı 24 saylı mediasiya təşkilatının direktoru Ülkər Zülfüqarova və fərdi mediator Tural Məmmədov ilə praktiki fəaliyyət barədə fikir mübadilələri aparıb və mediasiya təşkilatlarının, mediatorların baxdıqları işlər barədə məlumat verilib. Qeyd edək ki, qonaq mediatorlarla səmimi mühitdə keçən bir neçə görüşdə iştirak edib və mediasiya sahəsində Azərbaycanda görülən işləri yüksək qiymətləndirdiyini qeyd edib.
Qeyd edək ki, Faziljon Otaxanov Özbəkistan Respublikasında müxtəlif vəzifələrdə, həmçinin ədliyyə naziri vəzifəsində çalışıb. O təqaüdə çıxdıqdan sonra fəaliyyətini beynəlxalq mediasiya eksperti kimi və Özbəkistanın bir sıra ali təhsil müəssisələrində hüquq elmləri doktoru və professor kimi davam etdirir. Faziljon Otaxanov eyni zamanda Türk Dünyası Mediatorlar Birliyinin Özbəkistan üzrə təmsilçisi kimi də fəaliyyət göstərir.
Süleyman












































