
"Dünyada siyasi güzgüləri cəmiyyətin baxış bucağında dəyişə bilən, güclü, məqsədli və planlı oyunlara sahib olan, strateji siyasi yol ortaya qoyan düşüncənin fəlsəfi mahiyyəti çox dərinliklərdə gizlənir. O qədər dərin ki, hətta güzgü ilə belə o dərinliyə baxanda görmə məhdudiyyəti kifayət qədər mövcuddur. Bəzi siyasətçilər güzgünü sındırmaqla üzlərindəki ləkələri, qəlblərindəki xainliyi, millətə satqınlıqlarını gizlədə biləcəklərini düşünürlər. Amma anlamırlar ki, güzgünü sındırmaqla ləkə silinmir, satqınlıq aradan qalxmır, xainlik yox olmur".
Newscenter.az xəbər verir ki, bunları "Yeni Xətt" Siyasi Tədqiqatlar Mərkəzinin rəhbəri Ramil Hüseynov deyib. O bildirib ki, həqiqətdən qaçan siyasətçi güzgünü sındırır və onu günahlandırır:
"Amma həqiqətə inanan siyasətçi isə güzgünü daha da şəffaf edir ki, o şəffaflıq dünyaya səpələnsin. Bütün insanlar şəffaf, ədalətli mübarizə metodlarını güzgüdə əks olunmaqla həqiqətlərə örnək olsun. Dünyanın siyasi mahiyyətini əks etdirən güzgülərə təsirimiz olsun ki, sivilliyin bəşəriyyət üçün təhlükəli olmayan düşüncəsinin mahiyyətini, fəlsəfəsini aydın şəkildə o güzgüdə görək. Həqiqətləri İlham Əliyev öz siyasi metodologiyası, öz klassik dəyərləri, milli dəyərlərimizə sadiqliyi ilə dünyaya o güzgüdən çatdırmaq üçün əlindən gələni etdi və ciddi nəticə qazandı. Nəticə milli maraqlara xidmət, ərazi bütövlüyü, suverenlik, milli ideologiya, şəffaf etdiyi güzgüyə siyasi liderlərin baxışlarını təmin etmək və o baxışlarda dünyaya açılan yeni mövqeləri, ədalət, həqiqət və reallıqları təlqin etməkdir. Son Qarabağ Forumu, Qarabağın beynəlxalq media nümayəndələrinə açıq təqdim olunması bu baxımdan faktların yerində müşahidə olunmasına xidmət edən növbəti təşəbbüslərindən biridir. Bu gün biz və bizim kimi düşünənlər, dünyanın tərkib hissəsi olaraq, dünyaya şəffaflıq, işıq, ədalət gətirən ideya daşıyıcılarıyıq. Amma dünyanın siyasi güzgüsünü qaranlığa çevirmək istəyənlərin məqsədi həqiqətlərin yerini dezinformasiyaya qurban vermək oldu. Qarşılıqlı etimadın əvəzinə rəqabət yaratdılar, beynəlxalq hüququn yerini çox vaxt güc siyasəti tutdu və cəmiyyətin, bəşəriyyətin baxışlarını dəyişdilər ki, o şəffaflığı dumanlı görsünlər. Amma biz həqiqətləri kölgədə qoymağa imkan vermədik. Bu, bizim üçün çox böyük dəyərdir. Bu, milli dəyərə çevrilən, milli sərvətə çevrilən düşüncə təfəkkürünü qoruyub saxlamaq və inkişaf etdirmək bizim vətəndaşlıq borcumuzdur".
Mərkəz rəhbəri qeyd edib ki, Azərbaycanda güzgünü sındıran, güzgünü ləkələndirən jurnalistlər, siyasətçilər, ictimai insanlar olduğu kimi, dünyada da bu tip varlıqlar var və olacaq:
"Əslində, buradakılar dünyada xaricdən gələn o çürük ideyalara özlərini əsir edən, tabe edən zavallı güzgü sındıranlardır. Amma dünyanın bu kəsiminə artıq yer yoxdur. Şəffaflığa, ədalətə qarşı çıxan, baxışları qaranlıq, qəlbləri xəbis olanlar, sizin sındırdığınız güzgülər artıq effektini itirib. Siz hər tərəfdən Azərbaycanın dünya üçün yaratdığı siyasi güzgüdə özünüzü olduğu kimi görürsünüz - ləkəli".
Ramil Hüseynov hesab edir ki, çox acınacaqlı belə siyasi baxışların məhv olması üçün dünyada böyük düşüncəyə malik olan liderlərin siyasətinin mahiyyəti məhz bu ləkəlilərlə mübarizə aparmaqdır:
"Azərbaycanın siyasətini, diplomatiyasını bu səviyyəyə çatdıran, ölkəmizi bu gün qürurlu bir dövlət, qüdrətli bir ölkə kimi qəbul etdirən siyasi düşüncə qoy həmişə var olsun!".
Süleyman












































