
"22 iyul Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Əsası Həsən bəy Zərdabi tərəfindən qoyulan, ilk ana dilimizdə çap olunan “Əkinçi” qəzeti milli mətbuatımızın təməl daşı oldu. Sonradan içərilərində “Molla Nəsrəddin” məcmuə qəzeti də daxil olmaqla bir sıra qəzetlər çap olunsa da onların heç birinin ömrü uzun olmadı. Sovet hakimiyyətinin qurulmasından sonra azərbaycan dilində bir sıra qəzet və jurnallar çap edilsə də onların əksəriyyəti sovet ideologiyasının təbliğatına xidmət edirdi".
Bunları Newscenter.az-a siyasi şərhçi Elçin Ağamalı deyib. O bildirib ki, milli mətbuatımızın inkişaf və intibah dövrü məhz müstəqilliyimizin əldə edilməsi ilə başladı:
"Mövcud bəzi qüsurlara baxmayaraq müasir Azərbaycan mətbuatı və jurnalistikası qısa zamanda güclü bir instituta çevrilə bilmişdir. Güclü mətbuat güclü dövlətin əsas sütunlarından və atributlarından biridir. Azərbaycan jurnalistikası bunu 44 günlük müharibə dövründə milli birliyin qorunması, döyüş ruhunun yüksək tutulması üçün göstərdiyi fəaliyyətlə sübut etdi. Ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə neçə-neçə jurnalist həqiqətlərin işıqlandırılması üçün canlarını fəda etmişdir.
Müasir mətbuatın güclü bir institut kimi formalaşmasında dövlətin göstərdiyi diqqət və dəstək inkar və əvəzolunmazdır. Jurnalistlərin sosial-məişət şəraitlərinin yaxşılaşdırılması, qəzet kağızının vergidən azad olunması, bir sıra mətbuat orqanlarının büdcədən maliyyələşdirilməsi və sair addımlar məhz mətbuatın güclənməsi və inkişaf etməsinə yönəlmiş dövlət dəstəyidir".
Elçin Ağamalı qeyd edib ki, Azərbaycanın geosiyasi mövqeyi gücləndikcə, dövlətimizin regional və beynəlxalq xarici siyasət fəaliyyəti genişləndikcə Azərbaycan jurnalistikasının və mətbuatının da qarşısında duran vəzifələr və hədəflər böyüyür:
"Ancaq qeyd etmək lazımdır ki, mətbuatımız bu günkü güclü Azərbaycanın xarici siyasət kursuna yetərincə ayaq uydura bilmir. Mövcud boşluq isə ölkə prezidenti cənab İlham Əliyevin müxtəlif xarici mətbuat orqanlarına verdiyi müsahibələr hesabına doldurulur. Şuşa Qlobal Media Forumu bu boşluğu doldurmaqla, Azərbaycanın böyüyən geosiyasi mövqeyinə informasiya dəstəyi verməklə yanaşı, Azərbaycan mətbuatının və jurnalistikasının inkişafına və güclənməsinə də dəstək olacaqdır. Forum inkişafa təkan verən rəqabət mühitini yaratmaqla yanaşı, xarici həmkarlarla peşəkar əlaqələrin qurulması üçün çox əhəmiyyətli bir platformadır.
Əminəm ki, keçən hər il Azərbaycan mətbuatı daha da təkmilləşdiyi və peşəkar kimliyini inkişaf etdirdiyi kimi, gələn hər il də mətbuatımız ölkəmizin artan beynəlxalq nüfuzuna daha çox töhfə verəcək bir instituta çevriləcəkdir".
Süleyman













































