Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Bu gün Azərbaycan mətbuatı inkişaf mərhələsindədir

Bu gün Azərbaycan mətbuatı inkişaf mərhələsindədir


151 yaşını qeyd edən Azərbaycan Milli Mətbuatı keçmişdən bu günümüzə qədər çətin, çətin olduğu qədər də şərəfli bir yol keçərək ictimai fikrin formalaşması, cəmiyyətin maariflənməsi, milli şüurun, kimliyin oyanışında mühüm rol oynayıb. Dahi mütəfəkkir, maarifçi Həsən bəy Zərdabinin “Əkinci” qəzeti ilə əsası qoyulan Milli Mətbuatımız dövlətçiliyimiz kimi ötən 151 il ərzində bir çox təzyiqlərlə üzləşib, onun milliliyinin əlindən alınması istiqamətində cəhdlər göstərilib. Müəyyən zaman kəsiyində Çar Rusiyası, keçmiş SSRİ buna nail olsa da, bu gün Azərbaycan mətbuatı müstəqilliyi, azadlığı və ictimai fikrə təsiri ilə seçilir.

Hər bir sahə kimi, Azərbaycan mətbuatının da bugünkü səviyyəyə gəlib çatmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Dahi şəxsiyyətin ikinci dəfə siyasi hakimiyyətdə olduğu illərdə Azərbaycanda senzuranın ləğvi, qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının dondurulması, Milli Mətbuatın 125 illiyinin qeyd edilməsi ilə bağlı tarixi qərarı Ulu Öndərin mətbuata göstərdiyi diqqət və qayğının göstəricisi idi. Bütün bunların məntiqi nəticəsi idi ki, Heydər Əliyev media cameəsinin mütləq əksəriyyətinin istəyi ilə “Jurnalistlərin Dostu” seçilmişdi.

Dövlətin, dövlət başçısının mətbuata diqqət və qayğısı Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Cənab İlham Əliyevin zamanında yeni bir mərhələyə qədəm qoydu. Qəzetlərin Azərbaycan Nəşriyyatına olan borclarının ləğvi, Milli Mətbuatın 130, 135, 140, 145, 150 illik yubileylərinin qeyd edilməsi haqqında sərəncamlar, jurnalistlərin sosial-mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə yaşayış binalarının tikilib qələm həlinə hədiyyə edilməsi, eləcə də digər bu kimi addımlar əsası Heydər Əliyev tərəfindən qoyulan dövlət media siyasətinin yeni mərhələdə uğurla davamı idi. Onu da qeyd etmək lazımdır ki, Azərbaycan mətbuatı da ona göstərilən diqqət və qayğıya adekvat fəaliyyət göstərərək dövlət və dövlətçiliyə sədaqətlə xidmət edir, milli maraqların keşiyində dayanır. Bunun ən bariz nümunəsini 44 günlük Vətən Müharibəsində aydın şəkildə gördük. Azərbaycan mətbuatı 44 günlük müharibə günlərində informasiya cəbhəsində uğurlu fəaliyyət göstərərk erməni təxribat maşınının məkirli planlarının qarşısını qətiyyətlə aldı.

Bu gün Azərbaycan mətbuatı inkişaf mərhələsindədir. Eyni zamanda yeni dövrün tələblərinə uyğun olaraq mətbuatın üzərinə böyük iş düşür. İnrformasiyalaşma, rəqəmsallaşma, süni intelekdən səmərəli istifadə, dezinformasiyaya qarşı mübarizədə mətbuatımız öz işini günün tələblərinə uyğun şəkildə qurmağa çalışır, bu istiqamətdə uğurlu addımlar atır. Bütün bunlarla yanaşı Azərbaycan mətbuatı Türk dünyası ilə inteqrasiyanı sürətləndirmək istiqamətində də əzmlə çalışır. Son illərdə bu istiqamətdə müsbət dinamika müşahidə edilməkdədir. Türk dünyasının ortaq informasiya məkanının formalaşdırılması, dil və mədəni yaxınlığın gücləndirilməsi prosesində Azərbaycan mətbuatı ortaya real fəaliyyət qoyur. Türk dünyasının ayrı-ayrı ölkələri ilə birgə media forumlarının keçirilməsi bu prosesin tərkib hissəsi sayıla bilər.
Eyni zamanda Azərbaycanın Türk Dövlətləri Təşkilatı çərçivəsində media əməkdaşlığında da fəal iştirak edir.
Media və informasiya üzrə məsul şəxslərin toplantılarının keçirilməsi, jurnalistlər üçün təlim proqramları və təcrübə mübadilələrinin təşkili inteqrasiya prosesinin sürətlənməsi, ümumi problemlərimizin Türk coğrafiyasına çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ümumiyyətlə, tarixə nəzər yetirdikdə görürük ki, Azərbaycan mətbuatı yarandığı dövrdən etibarən türk dünyasının ictimai fikir və mədəni prosesləri ilə sıx əlaqədə olub. Əli bəy Hüseynzadə, Əhməd Ağaoğlu kimi ziyalıların fəaliyyəti Azərbaycan və digər türk xalqları arasında fikir körpülərinin yaranmasına xidmət edib. Tarix təkrar olunur və günümüzdə bu əlaqələr daha peşəkar səviyyədə qurulur, media əməkdaşlığı, ortaq layihələrin həyata keçirilməsi üçün əlverişli zəmin yaradır.

Arzuman Muradlı

"Milli İnkişaf" İctimai birliyinin sədri
Xəbəri paylaş