Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İlham Əliyevin Almaniyaya rəsmi səfərinə Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin siqnalı kimi baxmalıyıq



Prezident İlham Əliyevin iyulun 20-də Almaniyaya rəsmi səfəri mühüm tarixi məqama təsadüf edir. Bu səfər təkcə ikitərəfli diplomatik hadisə deyil, həm də regionda və Avropada formalaşan yeni siyasi-iqtisadi düzənin göstəricisi kimi qiymətləndirilə bilər. Dövlətimizin başçısının hazırkı həssas məqamda Avropanın aparıcı iqtisadi lokomotivi sayılan Almaniyaya rəsmi səfəri hansı yeni reallığın göstəricisidir? Bu səfərin əhəmiyyəti nədir və bu səhər Azərbaycan-Almaniya münasibətlərinin gələcək perspektivlərinə necə təsir edəcək? İlham Əliyevin sözügedən səfəri bir neçə baxımdan yeni reallığın göstəricisi kimi oxunur. Bu səfər ilk növbədə Azərbaycanın mövcud beynəlxalq proseslərdə artan çəkisini, Almaniyanın isə Cənubi Qafqazla bağlı məsələlərə daha praqmatik və strateji yanaşdığını nümayiş etdirir.

Ən vacib məqam ondan ibarətdir ki, Bakı artıq Avropa paytaxtlarında yalnız enerji təchizatçısı kimi deyil, həm də sabitlik, nəqliyyat bağlantıları və regional balans baxımından əhəmiyyətli tərəfdaş kimi qəbul olunur. Bu səfəri “yeni reallıq” ifadəsi ilə xarakterizə etməyimiz heç də təsadüfi deyil. Son illərdə qlobal enerji bazarındakı dəyişikliklər, Avropanın enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar və Rusiya-Ukrayna müharibəsi, ABŞ-İran qarşıdurması fonunda geosiyasi risklərin artması Azərbaycanın rolunu daha da ön plana çıxarıb. Bu baxımdan, Almaniya kimi yüksək sənaye gücü olan bir dövlət üçün etibarlı enerji mənbələri, sabit tərəfdaşlar və uzunmüddətli iqtisadi əlaqələr xüsusi əhəmiyyət daşıyır. Azərbaycan isə bu kontekstdə həm enerji resursları, həm də Şərqlə Qərbi birləşdirən coğrafi mövqeyi ilə diqqət mərkəzinə çıxır.

İqtisadi baxımdan da bu səfərin perspektiv imkanları və potensialı böyükdür. Almaniya texnologiya, sənaye avadanlıqları, innovasiya və investisiya baxımından Azərbaycanın ən vacib tərəfdaşlarından biri ola bilər. Azərbaycan isə Almaniya üçün yalnız enerji bazarı deyil, həm də Cənubi Qafqaz və Mərkəzi Asiya istiqamətində çıxış qapısı rolunu oynaya bilər. Bu baxımdan, səfər yeni biznes əlaqələri, sənaye əməkdaşlığı, logistika layihələri və texnoloji tərəfdaşlıq üçün yeni imkanlar açır. Bu səfər Azərbaycan-Almaniya münasibətlərində pragmatik və uzunmüddətli əməkdaşlıq mərhələsini gücləndirə bilər. Lakin Azərbaycan Prezidentinin rəsmi səfərinin əhəmiyyəti yalnız enerji diplomatiyası və iqtisadi əlaqələr ilə məhdudlaşmır.

Almaniya ilə münasibətlər Azərbaycanın bütövlükdə Avropa İttifaqı (Aİ) ilə siyasi dialoqunun dərinləşməsi baxımından da önəmlidir. Berlinin Bakıya yüksək səviyyədə diqqət göstərməsi, Azərbaycanın beynəlxalq arenada artan nüfuzunun göstəricisi kimi oxuna bilər. Bu, həm də onu göstərir ki, Azərbaycan regional proseslərdə passiv müşahidəçi deyil, öz mövqeyi və təsir imkanları olan aktordur. Bu kontekstdən yanaşsaq, belə səfərlər diplomatik etimadı gücləndirir, qarşılıqlı anlaşmanı artırır və gələcək əməkdaşlıq üçün institusional zəmin yaradır. Gələcək perspektivlərə gəldikdə isə, bu səfərin Azərbaycan-Almaniya münasibətlərini daha sistemli və çoxşaxəli mərhələyə daşıması gözlənilir.

Əgər tərəflər mövcud siyasi iradəni konkret layihələrə çevirə bilsələr, münasibətlər yalnız enerji və ticarət çərçivəsində deyil, həm də təhlükəsizlik, nəqliyyat, yaşıl enerji və regional sabitlik sahələrində dərinləşə bilər. Xüsusilə Avropanın enerji keçidi və yaşıl iqtisadiyyat gündəliyi fonunda Azərbaycanın bu proseslərdə iştirak imkanları daha da arta bilər. Ona görə də Əliyevin hazırkı səfərinin əsas məna yükü və əhəmiyyəti ondan ibarətdir ki, bu gün Azərbaycan sadəcə regional oyunçu kimi yox, Avropanın enerji, nəqliyyat və təhlükəsizlik gündəmində mühüm tərəfdaş kimi qəbul olunur. Bu isə o deməkdir ki, Bakı ilə münasibətlər sırf protokol çərçivəsindən çıxaraq strateji maraqlar əsasında qurulan dialoqa çevrilir. Prezident İlham Əliyevin Almaniya Prezidenti Frank-Valter Ştaynmayer ilə və Almaniya İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harms ilə görüşlərinin nəticələri onu deməyə əsas verir ki, dövlətimizin başçısının Almaniyaya bu səfəri ikitərəfli əməkdaşlığın inkişafına ciddi təkan verəcək.

Ümumən götürsək, son nəticə etibarilə, İlham Əliyevin Almaniyaya səfəri Azərbaycan diplomatiyasının yeni mərhələyə keçdiyini göstərən mühüm hadisədir. Bu səfər həm Azərbaycanın beynəlxalq mövqeyinin gücləndiyini, həm də Almaniyanın Bakı ilə münasibətlərə daha strateji yanaşdığını təsdiqləyir. Ən əsası isə, bu cür təmaslar gələcəkdə daha sabit, daha qarşılıqlı faydalı və daha geniş əməkdaşlıq modelinin formalaşmasına xidmət edə bilər. Odur ki, az öncə də qeyd etdiyim kimi İlham Əliyevin Almaniyaya rəsmi səfərinə Azərbaycan-Almaniya münasibətlərində yeni mərhələnin siqnalı kimi baxmalıyıq. Rusiya xəttindən uzaqlaşan nəhəng alman biznesinin diqqəti indi daha çox Mərkəzi Asiyaya və Azərbaycana yönəlir. Azərbaycan isə bu fürsəti rasional dəyərləndirir. Təsadüfi deyil ki, Almaniya Prezidenti Frank-Valter Ştaynmayer dünyada və regionda cərəyan edən hadisələr fonunda Azərbaycanı və Almaniyanı sabitlik adası kimi xarakterizə etdi. Bu, çox mühüm nəticədir.

Əıisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri
Xəbəri paylaş