
Ümummilli Lider Heydər Əliyev Azərbaycan mətbuatının cəmiyyətin inkişafındakı rolunu yüksək qiymətləndirərək qeyd etmişdir: "Azərbaycan mətbuatı xalqımızın ən ülvi arzularının reallaşmasına öz töhfəsini vermiş, onun müstəqillik amalının güclənməsində, mənəvi dəyərlərinin tərəqqisində, milli şüurun, mədəniyyətin formalaşmasında böyük rol oynayır." Bu dəyərli fikirlər milli mətbuatın dövlətçilik tariximizdə və milli-mənəvi dəyərlərimizin qorunmasında tutduğu mühüm mövqenin bariz ifadəsidir. Məhz Ümummilli Liderin imzaladığı müvafiq Sərəncama əsasən 1995-ci ildən etibarən hər il iyulun 22-si ölkəmizdə Milli Mətbuat Günü kimi qeyd edilir və bu əlamətdar tarix Azərbaycan jurnalistikasının keçdiyi şərəfli inkişaf yoluna verilən yüksək qiymətin təzahürü kimi qəbul olunur.
Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi dövlətçilik və milli mətbuat siyasəti bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Son illərdə ölkəmizdə media sahəsinin müasir dövrün tələblərinə uyğun inkişafı, söz və mətbuat azadlığının daha da möhkəmləndirilməsi, jurnalistlərin sosial rifahının yaxşılaşdırılması və informasiya təhlükəsizliyinin təmin edilməsi istiqamətində mühüm islahatlar həyata keçirilmişdir.
Vurğulamaq istərdim ki, Milli Mətbuat Günü münasibətilə Şuşada keçirilən ilk tədbir Azərbaycan mediasının çoxəsrlik inkişaf tarixində əlamətdar hadisə kimi qiymətləndirilir. Bu tədbir milli mətbuatımızın keçdiyi şərəfli yolun, əldə etdiyi nailiyyətlərin və gələcək inkişaf perspektivlərinin nümayiş etdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda, Şuşada təşkil olunan bu əlamətdar tədbir bir daha təsdiq edir ki, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilmiş ərazilərimizdə təkcə genişmiqyaslı bərpa-quruculuq işləri aparılmır, həm də ölkəmizin ictimai-siyasi, mədəni və informasiya həyatı bu torpaqlara qayıdır.
Sonda qeyd etmək istərdim ki, Milli Mətbuat Günü yalnız jurnalistlərin peşə bayramı deyil, həm də Azərbaycan mətbuatının keçdiyi şərəfli yolun, milli söz ənənələrinin və cəmiyyət qarşısında daşıdığı məsuliyyətin təcəssümüdür. Zaman dəyişsə də, mətbuatın həqiqətin qorunması, milli maraqların müdafiəsi və ictimai fikrin formalaşmasındakı rolu öz aktuallığını saxlayacaqdır.
Ülkər Əliyeva
YAP Yevlax rayon təşkilatının fəalı











































