
“Əkinçi” qəzetinin ilk sayının işıq üzü gördüyü 22 iyul tarixi Azərbaycanda Milli Mətbuat Günü kimi qeyd olunur. Bu hadisə milli mətbuatımızın yaranmasının başlanğıcı olmaqla yanaşı, xalqımızın ictimai fikir tarixində mühüm dönüş nöqtəsi hesab edilir. Həsən bəy Zərdabinin rəhbərliyi ilə nəşr olunan “Əkinçi” cəmiyyətin maariflənməsinə, insanların ana dilində məlumat əldə etməsinə və milli düşüncənin formalaşmasına xidmət edən əhəmiyyətli bir tribuna olmuşdur.
Azərbaycan mediasının müasir inkişaf mərhələsində həyata keçirilən islahatlar informasiya məkanının daha da təkmilləşdirilməsinə və media institutlarının fəaliyyətinin gücləndirilməsinə xidmət edir. Medianın İnkişafı Agentliyi və Audiovizual Şuranın təsis olunması bu sahədə yeni idarəetmə mexanizmlərinin formalaşdırılması, peşəkar jurnalistikanın təşviqi və media fəaliyyətinin müasir çağırışlara uyğunlaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır. Həyata keçirilən tədbirlər nəticəsində media subyektlərinin hüquqi bazası möhkəmləndirilmiş, rəqəmsal media mühitinin inkişafı sürətlənmiş, informasiya təhlükəsizliyinin təmin olunması istiqamətində ardıcıl addımlar atılmışdır. Eyni zamanda, bu islahatlar cəmiyyətin etibarlı və operativ informasiya ilə təmin edilməsinə, milli maraqların qorunmasına və Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə daha dolğun çatdırılmasına geniş imkanlar yaratmışdır.
Azərbaycan jurnalisti hər zaman cəmiyyətin səsinə çevrilərək həqiqətin tərəfdarı olmağı özünün əsas peşə prinsipi kimi qəbul edib. Ölkəmizin keçdiyi mürəkkəb və taleyüklü mərhələlərdə media nümayəndələri məsuliyyət, obyektivlik və vətənə bağlılıq nümayiş etdirərək xalqın düzgün məlumatlandırılmasına mühüm töhfə veriblər. Xüsusilə informasiya mübarizəsinin ön plana çıxdığı dövrdə jurnalistlər öz peşəkarlıqları və qərəzsiz mövqeləri ilə Azərbaycanın həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında əhəmiyyətli rol oynayıblar. Milli mətbuatımızın bu şərəfli ənənəsinin gələcək nəsillər tərəfindən də layiqincə davam etdiriləcəyinə inanır, Milli Mətbuat Günü münasibətilə bütün media nümayəndələrini səmimi qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, tükənməz yaradıcılıq enerjisi və peşə fəaliyyətlərində davamlı uğurlar arzulayırıq.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı










































