
"Azərbaycan prezidenti İlham Əliyevin Almaniyaya səfəri ilk növbədə daha çox praqmatik iqtisadi əməkdaşlıq və geosiyasi dialoq prizmasından qiymətləndirilir. Baxmayaraq ki Qərb, insan hüquqları kimi ənənəvi mövzuları da gündəmdə saxlayır, amma yenə də əsas diqqət səfər çərçivəsində Almaniyanın enerji təhlükəsizliyi, regional sabitlik və Cənubi Qafqazın Avropa üçün strateji əhəmiyyəti əsas məqsəd olaraq görülür".
Bunları Newscenter.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, Berlin Bakı ilə əlaqələrini artıq təkcə neft və qaz sahəsi ilə məhdudlaşdırmaq istəmir. Almanlar nəqliyyat, logistika, yaşıl enerji, sənaye və rəqəmsal iqtisadiyyat sahələrində əməkdaşlığı genişləndirməyə çalışır:
"Səfər çərçivəsində prezident İlham Əliyevin Alman İqtisadiyyatının Şərq Komitəsinin rəhbəri Mixail Harms ilə görüşü əlbəttə ki, Azərbaycana investisiya marağının göstəricisi kimi dəyərləndirilə bilər. Müzakirələr zamanı enerji, nəqliyyat, kənd təsərrüfatı və turizm kimi sahələr müzakirə olunub. Almaniya, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasını Avropa üçün strateji əhəmiyyəti hesab edir. Buna görə də Berlin, bu istiqamətdə dialoqu davam etdirməyin tərəfdarıdır. Daha bir maraqlı məqam prezident İlham Əliyevin görüş zamanı, Bakıda keçirilən Almaniya və Rusiya nümayəndələri arasında gizli görüş haqqında məlumat verməsi ilə bağlıdır. O bildirib ki, əgər belə görüşlər Ukrayna və Rusiya arasında müharibənin bitməsinə töhfə verərsə, bunu müsbət qiymətləndirmək lazımdır. Əslində isə bu görüş Azərbaycanın beynəlxalq vasitəçilik platforması kimi artan rolunun göstəricisidir. Bu baxımdan və görünən odur ki, Almaniyanın Azərbaycana investisiya marağının artması və yaşıl enerji və bərpa olunan enerji layihələrinin daha da inkişaf etdirilməsi istiqamətində səfərin perspektivləri yüksək qiymətləndirilir. Həmçinin səfər, Orta Dəhliz və Avropa-Qafqaz-Mərkəzi Asiya nəqliyyat marşrutları üzrə əməkdaşlığın güclənməsi və Azərbaycan-Avropa İttifaqı arasında münasibətlərdə dialoqun daha çox praqmatik müstəviyə keçməsi baxımından da önəm daşıyır. Səfərin əlbəttə ki. uzunmüddətli strateji nəticələr əldə olunma baxımından da əhəmiyyəti çox böyükdür və hesab edirəm ki, alman şirkətlətinin ölkəmizdə geniş layihələrdə iştirakı yaxın gələcəkdə mümkün olacaq".
Süleyman











































