
Beynəlxalq humanitar yardım fəaliyyətləri vasitəsilə Türkiyə bu günə qədər 5 qitədə 85 ölkəyə və icmaya yardım çatdırıb.
Newscenter.az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarəedilməsi Agentliyi (AFAD) məlumat yayıb.
AFAD bildirib ki, qurum axtarış-xilasetmə və humanitar yardım fəaliyyətlərini təkcə ölkə daxilində deyil, həm də dünyanın müxtəlif bölgələrində fəlakət diplomatiyası çərçivəsində davam etdirir.
Məlumata görə, Türkiyənin beynəlxalq humanitar yardım səylərində ən böyük əməliyyatlarından biri Qəzza üçün həyata keçirilib.
AFAD-ın koordinasiyası altında İsrail hücumlarından təsirlənən bölgəyə 14 təyyarə və 21 gəmidən istifadə etməklə ümumilikdə 109.332 ton humanitar yardım materialları çatdırılıb.
Yardım çərçivəsində ümumilikdə 7,5 milyon dollar ianə edilib ki, bunun 7 milyon dolları AFAD, 500.000 dolları isə Türkiyə Qızıl Aypara Cəmiyyəti tərəfindən verilib.
Əfqanıstana humanitar yardım fəaliyyətləri çərçivəsində 25 "Xoşməramlı Qatar" səfəri ilə 11.739 ton humanitar yardım materialları göndərilib. Həmçinin ölkəyə altı uçuş da təşkil edilib.
6 gəmi ilə Sudana 10.206 ton humanitar yardım materialları və 30.000 çadır göndərilib. Pakistana 9.079 ton, Somaliyə 3.000 ton və Livana 730 ton ərzaq göndərilib.
Bangladeşə 64.992 humanitar yardım paketi, Bosniya və Herseqovinaya isə 60 konteyner evi, odun, gigiyena materialları, generatorlar və əsas ehtiyaclar çatdırılıb.
Bu günə qədər Suriyaya 13.938 humanitar yardım maşını göndərilib. Zambiyaya 25.000 dollar, Konqoya 54.070 dollar və Burundiyə 60.000 dollar dəyərində yardım ləvazimatları və 600 ərzaq bağlaması göndərilib.
Türkiyənin son beynəlxalq humanitar yardım əməliyyatlarından biri Venesuela üçün idi. İyun ayında baş verən 7,2 və 7,5 bal gücündə zəlzələlərdən sonra və Prezident Rəcəb Tayyib Ərdoğanın təlimatlarına uyğun olaraq, AFAD-ın koordinasiyası altında iki hərbi yük təyyarəsi ilə bölgəyə yardım ləvazimatları göndərilib.
Yükə AFAD tərəfindən təmin edilən 275 çadır və Səhiyyə Nazirliyi tərəfindən təmin edilən 7 ton tibbi ləvazimat daxil idi ki, bu da Venesuelaya çatdırılan ümumilikdə 30 ton humanitar yardımdır.
Süleyman












































