
1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ana dilimizin dövlətçilik tariximizdə və milli-mənəvi dəyərlərimizin qorunmasında xüsusi yer tutduğunu ifadə edən əlamətdar gündür. Azərbaycan dili xalqımızın zəngin mədəni irsini, milli təfəkkürünü və tarixi yaddaşını nəsildən-nəslə ötürən ən dəyərli sərvətlərimizdən biridir.
Müstəqil Azərbaycanın 1995-ci ildə ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiyasında Azərbaycan dilinin Azərbaycan Respublikasının dövlət dili kimi təsbiti, onun rəsmi dövlət dili statusuna yüksəlməsi milli dövlətçilik tariximizin ən mühüm hadisələrindən biridir. Çünki milli varlığımızın və tarixi kimliyimizin əsas atributlarından biri olan Ana dilimiz ən yüksək dəyəri qazanıb.
Qeyd etmək istərdim ki, Azərbaycan dilinin dövlət dili kimi mövqeyinin möhkəmləndirilməsi və milli əlifbamızın tətbiqinin daha da genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər mühüm əhəmiyyət daşıyır. Məhz bu məqsədlə Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı müvafiq Fərmana əsasən, hər il avqustun 1-i ölkəmizdə Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu dil siyasəti Azərbaycan dilinin qorunması, inkişafı və gələcək nəsillərə ötürülməsi istiqamətində möhkəm zəmin formalaşdırmışdır. Bu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ana dilimizin istifadəsinin genişləndirilməsi dövlət siyasətinin mühüm istiqamətlərindən biri kimi diqqətdə saxlanılır. Dövlət başçısının 2004-cü il 12 yanvar tarixli Sərəncamı ilə latın qrafikalı Azərbaycan əlifbasında kütləvi nəşrlərin həyata keçirilməsinə geniş dəstək verilmiş, klassik və müasir ədəbiyyat nümunələrinin bu qrafikada nəşri təmin edilmişdir. Bütün bunlar Azərbaycan dilinin zənginliyinin qorunmasına, milli-mənəvi irsimizin yaşadılmasına və ana dilimizin cəmiyyətdə daha da möhkəmlənməsinə xidmət edən ardıcıl dövlət siyasətinin bariz nümunəsidir.
Fərid Hacıbəyli
YAP Yevlax rayon təşkilatının əməkdaşı










































