
Bildiyimiz kimi hər bir xalqın , dövlətin əsas tərkib hissələrindən birini həmin xalqın əlifbası və yazı sistemi təşkil edir. Dil xalqın tarixi, mədəniyyəti, bu günü və gələcəyidir. Gözəl bir ifadə var: nə qədər ki, əsarət altına alınmış xalq öz dilini dərindən bilir, həmin xalq gec-tez öz azadlığına qovuşacaqdır. Bəli, Azərbaycan xalqı xoşbəxt bir xalqdır ki, əsrlərə söykənən dilini qoruyub saxlaya bilmişdir. Baxmayaraq ki, bizim ana dilimiz bu günə kimi, çox ziddiyyətli yollar keçmişdir. Azərbaycan dilinin bugünkü inkişaf səviyyəsi xalqımızın dünyanın ən qədim xalqlarından biri olduğunu təsdiqləyir. Müasir Azərbaycanın və dogma Partiyamızın qurucusu Ümummilli liderimiz Heydər Əliyev deyirdi ki, xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçmiş, ancaq öz mənliyini, milliliyini, öz dilini itirməmişdir. 1978-ci il aprelin 2-də IX çağırış Azərbaycan SSR Ali Sovetinin Azərbaycan Sovet Sosialist Respublikası Konstitusiyasının layihəsi və onun ümumxalq müzakirəsinin yekunlarına həsr olunmuş VII sessiyasında məruzə ilə çıxış edən Ulu Öndər Heydər Əliyevin təklifi ilə 73-cü maddəni redaksiyada vermək təklif olunmuşdur. Həmin redaksiyada qeyd olunurdu ki, “Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili Azərbaycan dilidir. ”Heydər Əliyevin bu təşəbbüsü 1978-ci il 21 aprel tarixində qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında öz əksini tapmışdır.
Onuda qeyd etmək istərdim ki, ana dilimizin hər tərəfli inkişafında, onun saflığının qorunmasında, işlək dilə çevrilməsində və beynəlxalq münasibətlər sisteminə yol tapmasında ümummilli lider Heydər Əliyevin mühüm xidmətləri olub. Görkəmli dövlət xadimi ana dilinə - Azərbaycan xalqının milli dilinə daim böyük əhəmiyyət verib. 1995-ci ildə qəbul edilən Konstitusiyada Azərbaycan dili milli dövlətçiliyimizin rəmzlərindən biri olaraq təsbit edilib.
Azərbaycan dilinin siyasi hüquqi statusunun möhkəmləndirilməsi istiqamətində atılan addımlardan biri də ulu öndərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” Fərmanı oldu. Fərmanda həm dilimizin tarixi ilə bağlı bir sıra incə və həssas məqamlara aydınlıq gətirilir, həm də onun keçdiyi inkişaf yolları və mərhələlərinin yığcam təhlili verilir. Eyni zamanda müstəqil dövlətimizin rəsmi dili statusunu almış Azərbaycan dilinin ölkədə geniş miqyasda tətbiq edilməsi və hərtərəfli inkişafı üçün əlverişli şərait yaradılması qeyd olunur və bu məqsədlə bir sıra mühüm tədbirlərin həyata keçirilməsi bir vəzifə olaraq qarşıya qoyulurdu. Çox keçmədi ki, “1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü” kimi təsis olundu. Ümumiyyətlə, bu, bir tarixi faktdır ki, dünyanın böyük liderləri içərisində, o cümlədən Türk dünyasında ümummilli lider Heydər Əliyev qədər dil məsələsini dövlət siyasəti səviyyəsinə qaldıran lider olmayıb. Ana dili amilinin çox böyük əhəmiyyəti var idi. Çünki bu amil millətin özünüdərki üçün çox mühüm məsələ idi. Ona görə də o böyük tarixi şəxsiyyət Ana dilini milli dəyər səviyyəsinə qaldırmağı bacardı.Heydər Əliyevin qətiyyəti, siyasi iradəsi və prinsipiallığı nəticəsində respublikamız həmin tarixdən etibarən tam şəkildə yeni əlifbaya - latın qrafıkalı Azərbaycan əlifbasına keçdi.
Xüsusilə qeyd etmək istərdim ki, Ümummilli Liderimizin həyata keçirdiyi ana dili siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti güclü Partiyamızın Sədri cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycan ədəbiyyatını, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qarafikasında yenidən nəşr edilməsi məhz Azərbaycan Prezidentinin təşəbbüsü ilə baş tutdu. Ölkə rəhbərinin 2004-cü il yanvarın 12-də imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" sərəncamı eyni zamanda Əlifba ilə bağlı problemləri tamamilə həll etmiş oldu. Beləliklə, görülən işlərin nəticəsində kütləvi nəşrlərin latın qrafikasına keçirilməsi təmin olundu.
Son olaraq vurğulamaq istərdim ki, hər bir Azərbaycan vətəndaşının borcudur ki, bu dili sevsin. Azərbaycan dili bu gün planetimizin bir çox ölkələrində yaşayıb-yaradan 50 milyondan artıq bir xalqın dili kimi formalaşıb. Azərbaycan dili milli müstəqilliyin, suverenliyin, istiqlalın, Azərbaycan ideologiyasının əsaslarından biri olduğundan, varlığımızı sübut edən bu məfhum müasir günümüzə qədər təkmilləşərək, xalqa təqdim olunub. Dilimiz xalqın keçdiyi bütün tarixi mərhələlərdə onunla birgə olmuş, onun taleyini yaşamış, üzləşdiyi problemlərlə qarşılaşmışdır. O, xalqın ən ağır günlərində belə onun milli mənliyini, xoşbəxt gələcəyə olan inamını qoruyub-möhkəmləndirmişdir. Ona görə də, xalqımıza ulu babalardan miras qalan bu, ən qiymətli milli sərvəti hər bir Azərbaycan övladı göz bəbəyi kimi qorumalı və daim qayğı ilə əhatə etməlidir. Hər bir sahədə çalışan insan dilin qayda-qanunlarına əməl etməyə vətəndaş olaraq borcludur.
Aynur Quliyeva
YAP Yevlax rayon təşkilatının əməkdaşı










































