
Hər bir xalqın milli kimliyinin, tarixinin və mənəvi irsinin əsas dayaqlarından biri onun ana dilidir. Ana dili xalqın keçmişini bu günü ilə birləşdirən, milli dəyərlərini yaşadan və gələcək nəsillərə ötürən ən qiymətli sərvətdir. Azərbaycan dilinin qorunması, zənginləşdirilməsi və dövlət dili kimi möhkəmləndirilməsi istiqamətində Ümummilli Lider Heydər Əliyev mühüm addımlar atmış, bu sahədə həyata keçirdiyi siyasətlə ana dilimizin inkişafına böyük töhfələr vermişdir.
Hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili Günü kimi qeyd edilir. Bu əlamətdar günün əsasında 2001-ci ildə ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına tam keçidin başa çatdırılması dayanır. Təxminən on il davam edən keçid mərhələsinin yekununda 2001-ci il avqustun 1-dən etibarən bütün rəsmi yazışmalarda və nəşrlərdə latın qrafikalı əlifbanın tətbiqi təmin olundu. Bu tarixi hadisənin dövlətçilik və milli-mədəni inkişaf baxımından xüsusi əhəmiyyətini nəzərə alan Ümummilli Lider Heydər Əliyev 2001-ci il avqustun 9-da imzaladığı Fərmanla avqustun 1-ni Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili Günü elan etdi. Həmin vaxtdan etibarən bu gün ana dilimizin, milli kimliyimizin və mədəni irsimizin təntənəsi kimi hər il böyük ehtiramla qeyd olunur.
Ümummilli Lider Heydər Əliyevin ana dilimizin qorunması və inkişafı istiqamətində müəyyənləşdirdiyi siyasət bu gün Prezident İlham Əliyev tərəfindən ardıcıl şəkildə davam etdirilir. Prezident İlham Əliyevin 12 yanvar 2004-cü il tarixli "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncamı Azərbaycan dilinin latın qrafikasında geniş tətbiqinin sürətləndirilməsinə və zəngin ədəbi irsimizin yeni əlifba ilə nəşr olunmasına mühüm töhfə verdi. Bu sərəncam əsasında yüzlərlə klassik və müasir əsər latın qrafikasında çap edilərək oxucuların istifadəsinə verildi, milli-mədəni irsimizin gələcək nəsillərə daha əlçatan şəkildə çatdırılması təmin olundu. Həyata keçirilən bu ardıcıl tədbirlər Azərbaycan dilinin dövlət dili kimi mövqeyini daha da möhkəmləndirdi və onun cəmiyyətin bütün sahələrində istifadəsinin genişlənməsinə şərait yaratdı. Ana dilimizin qorunması və zənginləşdirilməsi hər bir vətəndaşın mənəvi borcudur və bu dəyərli irsin gələcək nəsillərə ötürülməsi ümumi məsuliyyətimiz olaraq qalır.
Maqsud Süleymanlı
YAP Yevlax rayon təşkilatının əməkdaşı










































