
Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiya Federativ Demokratik Respublikasına rəsmi səfəri davam edir.
Newscenter.az xəbər verir ki, səfər çərçivəsində parlament nümayəndə heyəti iyulun 29-da paytaxt Əddis-Əbəbədə yerləşən "MESOB" dövlət xidməti mərkəzində olub.
Burada qonaqlara məlumat verilib ki, Azərbaycanın brendi olan "ASAN xidmət" modeli əsasında yaradılmış "MESOB" vətəndaşların mühüm dövlət xidmətlərinə çıxışını asanlaşdırmaq üçün yaradılmış müasir "bir pəncərə" platformasıdır. Federal agentliklərin 140-dan çox xidmətini vahid rəqəmsal və fiziki mərkəzdə birləşdirən "MESOB" dövlət xidmətlərinin daha sürətli, rahat və etibarlı şəkildə göstərilməsini təmin edir.
Qeyd edək ki, "ASAN xidmət" təcrübəsinin Efiopiyada tətbiqi ilə bağlı 2024-cü ilin mayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə bu ölkənin müvafiq qurumu arasında Anlaşma Memorandumu imzalanıb. COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Efiopiya Prezidenti Taye Atske Sellasiye arasında keçirilən görüşdə də bu istiqamətdə əməkdaşlıq məsələləri müzakirə olunub. Ötən dövr ərzində Azərbaycanın dəstəyi ilə Efiopiyada "ASAN xidmət" təcrübəsinin tətbiqi ilə bağlı zəruri təşkilati, hüquqi və texniki dəstək tədbirləri həyata keçirilib.
Milli Məclisin sədri Sahibə Qafarovanın Efiopiyada keçirdiyi görüşlər zamanı ölkə rəhbərliyi bu modelin artıq Efiopiyanın regionlarında da tətbiq olunduğunu və bununla da dövlət xidmətlərinin göstərilməsində səmərəliliyin əhəmiyyətli dərəcədə artırıldığını diqqətə çatdırıb.
Səfər çərçivəsində nümayəndə heyəti Milli Saray Muzey Kompleksi ilə tanış olub. Qonaqlara məlumat verilib ki, kompleks Efiopiyanın dövlətçilik tarixini, monarxiya dövrünün irsini və ölkənin mədəni dəyərlərini özündə əks etdirən mühüm tarixi-mədəni məkanlardan biridir.
Nümayəndə heyəti həmçinin Milli Tarix Muzey kompleksini də ziyarət edib. Burada qonaqlar Efiopiyanın tarixini əks etdirən eksponatlarla tanış olublar.
Süleyman










































