Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Hüquqi dövlətin təməl prinsiplərini zədələməyə yönəlmiş hər bir qanunsuz cəhd öz layiqli cavabını alır

Hüquqi dövlətin təməl prinsiplərini zədələməyə yönəlmiş hər bir qanunsuz cəhd öz layiqli cavabını alır


"Xaricdə sığınacaq taparaq Azərbaycan dövlətinin konstitusiya quruluşunu hədəf alan, milli həmrəyliyi sarsıtmağa yönələn fəaliyyətlərlə məşğul olan şəxslərin addımları cəmiyyətdə ciddi pislənilir və hüquq-mühafizə orqanları tərəfindən yaxından təqib edilir. Qanunvericilik hər bir vətəndaşın üzərinə öz ölkəsinin suverenliyinə, müstəqilliyinə və dövlət rəmzlərinə hörmətlə yanaşmaq öhdəliyi qoyur. Dövlət əleyhinə açıq çağırışlar, kütləvi iğtişaşların təbliği və sistemli şəkildə aparılan təhqir kampaniyaları sadəcə fərdi fikirlərin ifadəsi deyil, birbaşa qanunun aliliyinə qarşı qəsd kimi qiymətləndirilir".

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov səsləndirib. O bildirib ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi dövlət təhlükəsizliyinə təhdid yaradan bu növ əməllərə görə çox sərt cəza tədbirləri nəzərdə tutur:

"Hüquqi müstəvidə idarə olunan proseslər çərçivəsində Tural Sadıqlı, Qurban Məmmədov, Qabil Məmmədov, Elşad Məmmədov, Süleyman Süleymanlı, Orduxan Teymurxan, Orxan Ağayev, Rəfael Piriyev və Murad Quliyev kimi şəxslərin fəaliyyətləri ətraflı araşdırılmış, barələrində qiyabi həbs qərarları çıxarılmışdır.Məhkəmə instansiyaları tərəfindən terrorçuluğa və zorakı iğtişaşlara çağırış maddələri ilə uzunmüddətli azadlıqdan məhrumetmə hökmlərinin verilməsi hüququn qaçılmazlığını nümayiş etdirir. Beynəlxalq hüquqi əməkdaşlıq mexanizmləri və İnterpol xətti ilə elan edilən axtarışlar cinayət törətmiş şəxslərin harada gizlənməsindən asılı olmayaraq ədalət mühakiməsi qarşısına çıxarılması məqsədinə xidmət edir. Şəxsi maraqlar və ya müəyyən xarici dairələrin təsiri altında öz ölkəsinin milli maraqlarını zərbə altına qoyanların hərəkətləri xalqın mənəvi dəyərləri tərəfindən də qətiyyətlə rədd olunur".

Millət vəkili qeyd edib ki, bu cür davranışlar, Vətənin çörəyi və suyu ilə böyüyənlərin öz çirkin maraqları naminə doğma yurdunu öz xülyalarında 5-10 manata satmaq cəhdi kimi dəyərləndirilir:

"Lakin unudulmamalıdır ki, bizim müqəddəs Vətənimiz heç bir maddi ölçü ilə satılmaz, onun ərazisi və suverenliyi pozulmaz, toxunulmaz bir bütöv və müqəddəs bir varlıqdır! İnformasiya məkanında milli maraqların qorunması və dezinformasiyalara qarşı barışmaz mövqe nümayiş etdirilməsi hər bir fərdin mənəvi məsuliyyətidir. Güclü dövlətçilik ənənələrinə və sarsılmaz daxili sabitliyə malik olan Azərbaycan cəmiyyəti, kənardan yönələn bu kimi təxribat xarakterli çağırışlara qarşı hər zaman yüksək ayıqlıq və monolit birlik nümayiş etdirir. Nəticə etibarilə, hüquqi dövlətin təməl prinsiplərini zədələməyə, cəmiyyətdə nifaq toxumu səpməyə yönəlmiş hər bir qanunsuz cəhd gec-tez qanunun kəsərli gücü ilə öz layiqli və sarsıdıcı cavabını alır".

Süleyman
Xəbəri paylaş