Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dünya ictimaiyyətinə mina probleminin həllində yaxından iştirak etmək çağırışı edildi

Dünya ictimaiyyətinə mina probleminin həllində yaxından iştirak etmək çağırışı edildi


Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Ermənistanın mina terroru ilə bağlı bəyanatı yayıb.

Newscenter.az-ın xəbərinə görə, bəyanatda Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi mina terrorunun 30 ildən artıqdır ki, davam etdiyi bildirilir. Bəyanatda bBöyük təəssüf hissi ilə qeyd edilir ki, 44 günlük Vətən müharibəsinin başa çatmasına, Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanmasına baxmayaraq, yüzlərlə ailəyə bədbəxtlik gətirən, onlarla insanın həyatına son qoyan mina problemi hələ də öz həllini tapmayıb:

"Bu isə Azərbaycan vətəndaşlarının həyat və sağlamlığı üçün ciddi təhdid olmaqla yanaşı, işğaldan azad edilən torpaqlarda abadlıq, quruculuq və məskunlaşma prosesinə ciddi şəkildə mane olmaqda, Azərbaycan və Ermənistan arasında yeni formalaşmaqda olan etimad mühitinə xələl gətirməkdədir. Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana verməkdən imtina etməsi mövcud vəziyyəti daha da mürəkkəbləşdirməkdə, problemin həllini qeyri-müəyyən vaxta qədər uzatmaqdadır".

Bütün bunları nəzərə alaraq Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı beynəlxalq təşkilatları, dünya ictimaiyyətini mina probleminin həllində yaxından iştirak etməyə, bu problemin həlli üçün daha effektiv və qəti addımlar atmağa səsləyir:

"Minalarla mübarizə məqsədilə ölkəmizə gərəkli maliyyə dəstəyinin verilməsi, müasir texniki vasitələrin ayrılması, minalanmış ərazilərin xəritəsinin Azərbaycana verilməsi üçün Ermənistana daha ciddi təzyiqin göstərilməsi mina probleminin həllinə xidmət edən təsirli vasitələr ola bilər.

Xatırladırıq ki, beynəlxalq qanun və konvensiyalarla yasaqlanan mina terroru bütün insanlığa qarşı ağır cinayət hesab olunur və bu terrora son qoyulması irqindən, dilindən, dinindən, millətindən asılı olmayaraq, hər kəsin mənəvi borcu, insanlıq vəzifəsidir.
Ümid edirik ki, beynəlxalq təşkilatlar, dünya dövlətləri, beynəlxalq ictimaiyyət Azərbaycanın üzləşdiyi mina probleminin aradan qaldırılması istiqamətində bütün gərəkli addımları atacaq, məlum problemin həllinə dəstək göstərməklə Cənubi Qafqazda etibarlı sülh və təhlükəsizliyin təmininə töhfə verəcəkdirlər”.

Süleyman
Xəbəri paylaş