
"Prezident İlham Əliyevin 31 iyul 2026-cı ildə Qırğızıstana dövlət səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda xüsusi vurğuladığı məqamlardan biri Ağdam rayonunda inşa edilmiş "Manas" məktəbi oldu. İlk baxışdan bu, humanitar əməkdaşlıq çərçivəsində həyata keçirilən növbəti layihə kimi görünə bilər. Lakin məsələyə daha dərindən yanaşdıqda aydın olur ki, bu məktəb təkcə təhsil müəssisəsi deyil. O, Türk dünyasının həmrəyliyini, Azərbaycan ilə Qırğızıstan arasında möhkəmlənən strateji müttəfiqliyi və Qarabağın dirçəlişinə verilən mənəvi dəstəyi ifadə edən mühüm siyasi və ideoloji simvoldur".
Newscenter-az xəbər verir ki, bunları YAP üzvü Sara Hüseynova deyib. O bildirib ki, Prezident İlham Əliyevin "Biz Qarabağın bərpasına göstərilən köməyə görə daim minnətdarlığımızı ifadə edirik" fikri diplomatik etiket çərçivəsində deyilən təşəkkür sözündən daha dərin məna daşıyır:
"Bu ifadə Azərbaycanın dostluğa və qardaşlığa verdiyi dəyərin, beynəlxalq münasibətlərdə etibarlı tərəfdaşlıq prinsipinə sadiqliyinin növbəti təzahürüdür.
44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra Azərbaycan Qarabağın bərpası və Böyük Qayıdış proqramını uğurla həyata keçirir. Bu gün bölgədə "ağıllı şəhər" və "ağıllı kənd" konsepsiyaları tətbiq olunur, beynəlxalq standartlara uyğun yollar, hava limanları, sənaye parkları, xəstəxanalar və məktəblər tikilir. Qarabağ təkcə yenidən qurulmur, burada müasir iqtisadi və sosial model formalaşdırılır".
Hakim partiya təmsilçisi qeyd edib ki, belə bir mərhələdə qardaş Qırğızıstanın Ağdamda "Manas" məktəbi inşa etməsi xüsusi siyasi və mənəvi məna daşıyır:
"Çünki məktəb gələcəyin formalaşdığı məkandır. Qarabağın sabahı bu gün burada təhsil alacaq uşaqların bilik və dünyagörüşü üzərində qurulacaq. Bu layihə göstərir ki, Türk dünyası Azərbaycanın Zəfərini ortaq qələbə, Qarabağın bərpasını isə ümumi məsuliyyət kimi qəbul edir.
Qırğız xalqının minillik tarixini yaşadan "Manas" dastanı bütün türk xalqlarının qəhrəmanlıq ruhunu, dövlətçilik ənənələrini, vətən sevgisini və milli kimliyini əks etdirən mənəvi xəzinədir. Buna görə də məktəbə "Manas" adının verilməsi təsadüfi deyil. Bu addım Qarabağın təkcə fiziki deyil, mənəvi baxımdan da dirçəldiyini göstərir. İşğal illərində məhv edilməyə çalışılan mədəni irsin yerində bu gün Türk dünyasının ortaq dəyərlərini yaşadan müasir təhsil ocağı fəaliyyət göstərir".
Anar













































