
"Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun bir müddət əvvəl Moskvaya, bu günlərdə isə Kiyevə səfəri hər şeydən əvvəl Bakının balanslaşdırılmış siyasətə sadiqliyinin göstəricisidir. Azərbaycan dövləti hər zaman bəyan edib ki, xarici siyasətdə bu prinsipə üstünlük verir və ölkəmizin bu mövqeyi dəyişməz olaraq qalır. Azərbaycanın xarici siyasət idarəsinin sözügedən səfərləri də bunun əyani sübutudur".
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı deyib. O bildirib ki, Azərbaycan XİN rəhbəri həm Moskvada, həm də Bakıda səmərəli görüşlər, danışıqlar keçirib:
"Rusiya bizə qonşu, eyni zamanda bir neçə il əvvəl imzalanmış sənədə əsasən müttəfiq sayılır. Ukrayna da həmçinin Azərbaycana dost, yaxın tərəfdaş ölkədir. Bakı bütün regional münaqişələr kimi Rusiya ilə Ukrayna arasında mövcud olan müharibənin diplomatik, sülh yolu ilə həllinə tərəfdardır. Bu mənada Bakının Moskva və Kiyev arasında vasitəçi olmaq imkanları və şansı daha çoxdur. Düşünürəm ki, Moskva və Kiyevə edilən səfərlərin bir məqsədi də məhz bundan ibarət ola bilər".
Arzuman Muradlı deyib ki, Azərbaycanın bu sahədə təcrübəsi var və ötən illər ərzində bir-birinə qarşı olan tərəflərin Bakıda bir araya gəlməsi deyilənləri təsdiq edir:
"Vaxtı ilə Bakıda Rusiya və NATO-nun yüksək rütbəli rəsmilərinin görüşü keçirilib. Bir müddət əvvəl İsrail və Türkiyə nümayəndə heyətlərinin iştirakı ilə Bakıda qapalı görüşün keçirilməsi barədə xəbərlər yayıldı. Bu mənada Rusiya və Ukrayna arasında danışıqların yaxın vaxtlarda Bakıda keçirilməsi də mümkün variantlardan biri hesab oluna bilər".
Süleyman











































