Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Diplomatların Qarabağa səfəri mina təhlükəsinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətlidir

Diplomatların Qarabağa səfəri mina təhlükəsinin beynəlxalq aləmə çatdırılması baxımından əhəmiyyətlidir


Azərbaycanda akrreditə olunmuş xarici ölkələrin səfirləri, diplomatik nümayəndəlik rəhbərlərinin Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri baş tutub. Səfər zamanı diplomatlar azad edilmiş ərazilərdə görülən işlər, həyata keçirilən infrastruktur layihələri ilə tanış olublar.

Sözügedən səfərlə bağlı fikirlərini Newscenter.az-a bölüşən politoloq Arzuman Muradlı deyib ki, diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri bir neçə baxımdan mühüm əhəmiyyət daşıyır. Onun sözlərinə görə, ilk növbədə bu səfərlər dünya birliyinin azad edilmiş ərazilərdə görülən işlərlə məlumatlandırılması baxımından əhəmiyyətlidir:

"Xarici diplomatların bölgəyə səfəri onlara ərazidəki real vəziyyəti, dağıntıları, aparılan bərpa-quruculuq işlərini və həyata keçirilən layihələri yerində görmək imkanı verir. Bu həm də eyni zamanda Azərbaycanın mövqeyinin təqdimatıdır. Səfərlər Azərbaycanın Qarabağ və Şərqi Zəngəzurun inkişafı, reinteqrasiya və təhlükəsizlik siyasəti barədə mövqeyinin xarici diplomatik nümayəndələrə birbaşa çatdırılmasına şərait yaradır. İşğaldan azad edilmiş ərazilərdə yolların, yaşayış məntəqələrinin, məktəblərin, xəstəxanaların və digər infrastrukturun yenidən qurulması nümayəndə heyətlərinə göstərilir".

Arzuman Muradlı deyib ki, bu səfərlərdə ən vacib məqam və diqqət çəkilən istiqamət azad edilmiş ərazilərdə hələ də mina təhlükəsinin olmasıdır:

"Bu cür səfərlər Bakıya imkan verir ki, bölgənin minalardan təmizlənməsi məsələsi bir daha beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılsın və bu istiqamətdə beynəlxalq əməkdaşlığın əhəmiyyəti vurğulansın. Ona görə də gəlinən qənaət ondan ibarətdir ki, diplomatların Qarabağ və Şərqi Zəngəzura səfərləri yalnız protokol xarakterli səfər deyil. Bu səfərlər bölgədəki vəziyyətin beynəlxalq auditoriyaya çatdırılması, Azərbaycanın bərpa və inkişaf siyasətinin nümayiş etdirilməsi, eləcə də regionun gələcək iqtisadi və diplomatik əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından əhəmiyyətlidir".

Süleyman
Xəbəri paylaş