Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Türk dövlətləri üçün ortaq İnkişaf Bankı yaradıla bilər

Türk dövlətləri üçün ortaq İnkişaf Bankı yaradıla bilər


Türk dövlətləri üçün ortaq İnkişaf Bankının yaradılmasına dair layihə artıq işlənib hazırlanıb.

Newscenter.az xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sədr müavini, Türk Dövlətləri ilə Əlaqələr üzrə rəhbər, paytaxt Ankaradan millət vəkili Kürşad Zorlu Bakıda keçirilən Türk Dövlətləri Təşkilatının Aparıcı Milli Analitik Mərkəzlərinin II Beynəlxalq Konfransında bildirib.

"Türk İnvestisiya Fondunun mövcudluğu böyük əhəmiyyət daşıyır, lakin qənaətimcə, beynəlxalq maliyyə bazarında mövqe qazanmaq məqsədilə ortaq İnkişaf Bankı təsis edilməlidir. Biz Prezidentimizin tapşırığı əsasında Prezident Administrasiyasının Maliyyə Ofisi ilə birgə müvafiq layihəni hazırlamışıq. Bu layihə digər türk dövlətlərinə, həmçinin təşkilatımızın Baş Katibliynə təqdim olunacaq. Biz mövcud imkanlarımızdan yararlanmaqla yanaşı, qlobal maliyyə bazarındakı potensialdan da bəhrələnərək xüsusilə Orta Dəhlizin inkişafı istiqamətində iş adamlarımıza kreditlər və müxtəlif formalarda dəstək göstərmək məcburiyyətindəyik", - deyə o vurğulayıb.

Bundan əlavə, K.Zorlu deyib ki, Türkiyə Orta Dəhlizdən Fars körfəzinə doğru yeni marşrut açmağı hədəfləyir: "Türkiyə olaraq bizim yanaşmamız yalnız Xəzər dənizindən tranzit keçid kimi faydalanmaqla məhdudlaşmır. İraqla İnkişaf Yolu Sazişinin ilkin protokolunu artıq imzalamışıq. Bu marşrut Türkiyə vasitəsilə Fars körfəzinə yönələcək. Eyni zamanda, Suriya üzərindən Hicaz Dəmir Yolu Layihəsinin reallaşdırılmasını nəzərdə tuturuq. Bu isə o deməkdir ki, Orta Dəhlizlə bərabər Cənub Dəhlizi də qarşımızda duran yeni imkanlardır. Türkiyənin Səudiyyə Ərəbistanı və Pakistanla imzaladığı mühüm müdafiə sazişi də məhz bu Orta və Cənub Dəhlizlərinin təhlükəsizliyini təmin edəcək ciddi beynəlxalq mövqe və mərhələ olaraq irəli sürülüb".

Anar
Xəbəri paylaş