
Azərbaycan xalqının çoxəsrlik tarixində elə günlər vardır ki, həmin tarixlər sadəcə təqvim günü deyil, bütöv bir xalqın mübarizəsini, milli iradəsini, qələbə əzmini və tarixi yaddaşını özündə yaşadır. 20 sentyabr da məhz belə əlamətdar günlərdən biridir. Bu tarix Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunması ilə yenidən doğma Vətənə qovuşmasının rəmzi kimi xalqımızın yaddaşına əbədi həkk olunub. Bu dörd şəhərin hər birinin Azərbaycan xalqının yaddaşında xüsusi yeri vardır. Onların taleyi uzun illər Qarabağ münaqişəsi, işğal, etnik qarşıdurma və insan faciələri ilə bağlı olub. Lakin 2020-ci ildə əldə olunan tarixi Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilən antiterror tədbirləri nəticəsində bölgədə tamamilə yeni reallıq yarandı.
Xankəndi Azərbaycanın Qarabağ bölgəsinin mühüm şəhərlərindən biri kimi uzun illər separatizmin əsas mərkəzinə çevrilmişdi. 2023-cü ilin sentyabrından sonra burada Azərbaycan dövlətinin suveren hakimiyyəti bərpa edildi. Bir zamanlar Azərbaycan Bayrağının dalğalanmasına imkan verilməyən Xankəndidə bu gün dövlətimizin üçrəngli Bayrağı qürurla dalğalanır. Xocalı isə Azərbaycan xalqının yaddaşında təkcə bir şəhər kimi deyil, həm də böyük faciənin və xalqımızın yaşadığı ağrıların simvolu kimi yaşayır.
Xocalının yenidən Azərbaycanın tam nəzarətinə keçməsi tarixi ədalətin bərpası yolunda mühüm hadisə oldu. Xocalı faciəsi qurbanlarının xatirəsi hər zaman xalqımızın qəlbində yaşayacaq, şəhərin yenidən qurulması isə həyatın faciə üzərində qələbəsinin simvoluna çevriləcək. Xocavənd və Ağdərə də Qarabağın siyasi, tarixi və coğrafi baxımdan mühüm yaşayış məntəqələridir. Bu şəhərlərdə Azərbaycan dövlət hakimiyyətinin bərpa olunması ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam təmin edilməsinin real təzahürüdür. 20 sentyabrın bu şəhərlərin ümumi günü kimi qeyd edilməsi təsadüfi deyil. Onların hər birinin azadlığı və Azərbaycan dövlətinin suverenliyi altına qayıdışı vahid tarixi prosesin – Qarabağ Zəfərinin tamamlanmasının nəticəsidir.
Azərbaycanın 2023-cü il sentyabrın 19–20-də həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri ölkəmizin dövlətçilik tarixində həlledici hadisə oldu. 44 günlük Vətən müharibəsindən sonra Qarabağın bir hissəsində qanunsuz silahlı birləşmələrin mövcudluğu davam edirdi. Azərbaycan dövləti dəfələrlə bölgədə silahlı qüvvələrin tərksilah edilməsinin, qanunsuz hərbi strukturların aradan qaldırılmasının və Azərbaycanın konstitusiya quruluşunun təmin olunmasının vacibliyini bildirmişdi. Lakin Azərbaycanın suverenliyinə və təhlükəsizliyinə qarşı təhdidlər davam etdirilirdi. Təxribatlar, mina terroru və qanunsuz silahlı birləşmələrin fəaliyyəti bölgədə sülh və təhlükəsizlik üçün ciddi təhlükə olaraq qalırdı.
2023-cü il sentyabrın 19-da Azərbaycan öz suveren ərazilərində təhlükəsizliyi təmin etmək, qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək və konstitusiya quruluşunu bərpa etmək məqsədilə antiterror tədbirlərinə başladı. Azərbaycan Ordusu yüksək peşəkarlıq nümayiş etdirərək qarşıya qoyulan vəzifələri qısa müddətdə yerinə yetirdi. Təxminən 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin hərbi imkanları ciddi şəkildə məhdudlaşdırıldı və onlar silahı yerə qoymağa məcbur oldular. Bu, Azərbaycan Ordusunun gücünün və peşəkarlığının növbəti parlaq nümayişi idi.
2023-cü ilin ən unudulmaz və qürurverici hadisələrindən biri Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Xankəndidə Azərbaycan Bayrağını ucaltması oldu. Bu hadisə xalqımızın uzun illər gözlədiyi tarixi arzunun gerçəkləşməsi idi. Dövlət başçısının Xankəndidə ucaltdığı üçrəngli Bayraq Azərbaycanın suverenliyinin, dövlət iradəsinin və tarixi Qələbəsinin rəmzinə çevrildi.
Prezident İlham Əliyev 2003-cü ildə Azərbaycan xalqına torpaqlarımızın işğaldan azad ediləcəyinə dair verdiyi vədi illər sonra əməli fəaliyyəti ilə gerçəkləşdirdi. Bu yol asan olmadı. Azərbaycan xalqı uzun illər səbir göstərdi, dövlətimiz iqtisadi gücünü artırdı, Ordumuz müasirləşdirildi və xalq-dövlət birliyi möhkəmləndirildi. Nəticədə Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi Qələbə qazandı, 2023-cü ildə isə Qarabağda dövlət suverenliyinin tam bərpasına nail oldu. Xankəndidə Azərbaycan Bayrağının dalğalanması məhz bu tarixi yolun ən böyük nəticələrindən biri idi. Bu Bayraq həm də xalqımızın əzmkarlığının, şəhidlərimizin qəhrəmanlığının və Azərbaycan əsgərinin rəşadətinin simvoludur. Zəfərin ən böyük nəticələrindən biridir. Azərbaycanın işğaldan azad edilmiş şəhərləri üzrə xüsusi günlərin təsis olunması böyük tarixi və tərbiyəvi əhəmiyyət daşıyır. Bu günlər xalqımızın gələcək nəsillərə ötürəcəyi tarixi yaddaşın mühüm hissəsidir.
26 avqust Laçın Şəhəri Günü, 4 oktyabr Cəbrayıl Şəhəri Günü, 17 oktyabr Füzuli Şəhəri Günü, 20 oktyabr Zəngilan Şəhəri Günü, 25 oktyabr Qubadlı Şəhəri Günü, 8 noyabr Şuşa Şəhəri Günü, 20 noyabr Ağdam Şəhəri Günü və 25 noyabr Kəlbəcər Şəhəri Günü Azərbaycanın Zəfər salnaməsini təşkil edən əlamətdar tarixlərdir.
20 sentyabrın Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi bu tarixi təqvimə daxil edilməsi Qarabağ Zəfərinin tam mahiyyətini əks etdirir. Bu tarixlər bizə böyük Qələbənin hansı çətin və şərəfli yolla əldə edildiyini xatırladır. Gələcək nəsillər bilməlidirlər ki, Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi xalqımızın mübarizəsi, şəhidlərimizin qanı və Ordumuzun qəhrəmanlığı bahasına təmin olunub.
44 günlük Vətən müharibəsi və 2023-cü ilin antiterror tədbirləri Azərbaycan Ordusunun yüksək döyüş qabiliyyətini və peşəkarlığını nümayiş etdirdi. Azərbaycan Ordusunun əldə etdiyi Qələbələr dövlətimizin illər boyu həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi idi. Müasir silahlarla təchizat, peşəkar hazırlıq, düzgün hərbi strategiya və ən başlıcası, Ali Baş Komandan, Ordu və xalq birliyi Azərbaycanın tarixi Qələbəsinin əsas amillərinə çevrildi. Azərbaycan əsgəri döyüş meydanında göstərdi ki, Vətən torpağının azadlığı və dövlətin suverenliyi onun üçün ən ali dəyərlərdəndir. Bu gün Qarabağın hər bir guşəsində dalğalanan Azərbaycan Bayrağında şəhidlərimizin xatirəsi, qazilərimizin fədakarlığı və Azərbaycan əsgərinin qəhrəmanlığı yaşayır. Azərbaycan xalqı öz Ordusu ilə haqlı olaraq fəxr edir.
Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Feysbuk qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü












































