Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan TDT ilə bağlı hər zaman sabit və ardıcıl mövqe sərgiləyib

Azərbaycan TDT ilə bağlı hər zaman sabit və ardıcıl mövqe sərgiləyib


"Son günlər Bakının sözün əsl mənasında bütün Türk dünyasının döyünən ürəyinə və birləşdirici mərkəzinə çevrildiyini əyani müşahidə edirik. Əslində, bu, Bakının tarixi missiyasıdır. Bakı bu missiyanı hələ 1926-cı ildə Birinci Türkoloji Qurultayına ev sahibliyi etməklə öz üzərinə götürüb. Və bu missiya bu gün də dövlətimiz tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin sentyabrın 17-də Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbul edərkən təşkilat çərçivəsində müxtəlif istiqamətlər üzrə keçirilən ardıcıl görüşlərin türk dövlətləri arasında fəal qarşılıqlı əlaqənin göstəricisi olduğunu bildirməsi də bir daha bu həqiqəti təsdiqləyir".

Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, dövlətimizin başçısı bu həqiqətin təsdiqi kimi bir neçə gün əvvəl TDT-yə üzv ölkələrin dini liderlərini qəbul etdiyini, daha sonra isə təşkilatın təhlükəsizlik şuralarının katiblərinin 5-ci iclas üçün Bakıda bir araya gəldiyini görüş iştirakçılarının diqqətinə çatdırdı:

“Cəmi bir neçə gün əvvəl ölkələrimizi təmsil edən dini liderləri qəbul etmişdim. Bu gün isə təşkilatın təhlükəsizlik şuralarının katibləri şuranın 5-ci iclasını keçirmək üçün Bakıda toplaşıblar. Bütün bunlar təşkilatımız çərçivəsində fəal qarşılıqlı əlaqənin göstəricisidir. Həmçinin onu göstərir ki, Türk Dövlətləri Təşkilatı çox böyük beynəlxalq nüfuza malik olan bir təşkilatdır”.

Bəs, bu cür çox qısa bir zaman kəsiyində dini-mənəvi dəyərlər və təhlükəsizlik kimi tamamilə fərqli istiqamətlər üzrə yüksək səviyyəli toplantıların ard-arda Bakıda keçirilməsi nəyin göstəricisidir? Bu, ilk növbədə Azərbaycanın Türk dünyasının sıx inteqrasiya prosesində ən fəal aktorlardan biri olduğunu nümayiş etdirir. Azərbaycan bu gün TDT daxilində həm siyasi dialoq, həm də digər sahələr üzrə koordinasiya üçün mərkəzləşdirici platforma rolunda çıxış edir.

Ölkəmiz sadəcə üzv və ya iştirakçı kimi deyil, istiqamətverici, yönləndirici qüvvə rolunda çıxış edərək, TDT-ni dünyanın aparıcı beynəlxalq təşkilatlarından birinə çevirmək üçün ardıcıl və məqsədyönlü siyasət yürüdür. Bu, bizim strateji hədəflərimizdən, prioritetlərimizdən biridir. Cənab Prezident də TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündə bu məqamı xüsusi olaraq vurğuladı və üzv dövlətlərin bu məsələdə ortaq mövqeyə malik olduğunu bildirdi: “Təşkilata üzv ölkələrin rəhbərlərinin ümumi mövqeyi məhz ondan ibarətdir ki, beynəlxalq arenada TDT-nin rolunu və yerini gücləndirək. Bunun üçün bütün imkanlar var. Ölkələrimizin potensialı kifayət qədər böyükdür və güclənməkdə davam edir”.

Komitə sədri qeyd edib ki, TDT-nin beynəlxalq arenada yerinin və rolunun gücləndirilməsi üçün həqiqətən də böyük imkanlar var:

"Artıq elə bir mərhələyə gəlib çatmışıq ki, təşkilatın gündəliyi də artıq yalnız ortaq tarixi və mədəni bağlarla məhdudlaşmır. Prezidentimiz buna vurğu edərək bildirdi ki, bu gün müxtəlif formatlarda müzakirə olunan məsələlər beynəlxalq gündəliyi, beynəlxalq təhlükəsizliyi, multikulturalizm, ticarət, nəqliyyat, ümumilikdə humanitar əməkdaşlıqla bağlı məsələlərin geniş spektrini əhatə edir. Bu da bir daha onu göstərir ki, rəsmi Bakı TDT-nin funksional roluna daha geniş ölçüdə yanaşır. Yəni Azərbaycan üçün TDT yalnız siyasi məşvərət platforması deyil.

TDT daxilində əməkdaşlığın genişləndirilməsi və onun beynəlxalq nüfuzunun artırılmasına çağırış etməklə, Azərbaycan daha böyük strateji xətti önə çəkir. Başqa sözlə desək, TDT artıq nəqliyyat, enerji, investisiya, informasiya və ideoloji mübarizə, təhlükəsizlik maraqlarının kəsişdiyi vahid geosiyasi məkana çevrilməlidir. Bu baxımdan, TDT-yə üzv ölkələrin təhlükəsizlik şuraları arasında əməkdaşlığın gücləndirilməsi Türk dünyasının inteqrasiyasının artıq yalnız siyasi, iqtisadi və mədəni sahələrlə məhdudlaşmadığını nümayiş etdirir ki, Cənab Prezident də bunu görüş əsnasında xüsusi olaraq vurğuladı.

Burada bir önəmli məqamı da diqqətə almalıyıq ki, Azərbaycanın coğrafi mövqeyi və müasir enerji-nəqliyyat infrastrukturu onun TDT daxilində əhəmiyyətini daha da artırır. Belə ki, Azərbaycan Mərkəzi Asiyanı Xəzər dənizi üzərindən Cənubi Qafqaz və Türkiyə ilə, oradan isə Avropa ilə birləşdirən əsas bağlantı mərkəzidir. Bəli, biz bu prosesdə məhz əsas, həlledici mərkəz rolunda çıxış edirik. Eyni zamanda, TDT daxilində siyasi təmasların intensivləşdirilməsi də bu rolumuzu daha da gücləndirir. Siyasi yaxınlaşma isə paralel olaraq iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün daha əlverişli ortam yaradır. Məhz bunun nəticəsidir ki, Qazaxıstan, Özbəkistan və Qırğızıstanla birgə investisiya fondlarımızın yaradılması həm qarşılıqlı sərmayələrin artırılması üçün, həm də bütövlükdə Türk dünyası daxilində iqtisadi əlaqələrin dərinləşdirilməsi üçün işlək sistem, praktik mexanizm formalaşdırır. Bütün bu addımlar Azərbaycanın TDT ilə bağlı yaxın və uzaq vədəli hədəflərini ortaya qoyur. Dövlətimizin başçısının qeyd etdiyi kimi, “Avropa ilə Asiyanın qovşağında yerləşən və həm TDT-yə üzv Mərkəzi Asiya ölkələri, həm də Türkiyə ilə fəal qarşılıqlı əlaqədə olan Azərbaycanın coğrafi mövqeyi, əlbəttə ki, bütün ölkələrimiz üçün maksimum fayda ilə nəqliyyat və enerji təhlükəsizliyi layihələrinin həyata keçirilməsində oynadığımız rolu şərtləndirir”.

Əlisahib Hüseynov diqqətə çatdırıb ki, Azərbaycan TDT ilə bağlı hər zaman sabit və ardıcıl mövqe sərgiləyib:

"Biz Türk dünyasına öz böyük ailəmiz kimi baxırıq. Bu xətt bizim xarici siyasətimizin mərkəzində dayanır. Təsadüfi deyil ki, Prezident İlham Əliyev də sözügedən çıxışında Azərbaycanın bu siyasətinin fundamental xarici siyasət seçimi olduğunu ayrıca olaraq bir daha bəyan etdi: “Ölkəmizin ikitərəfli gündəliyi ilk növbədə Türk dünyası ölkələrinə yönəlib. Bu, açıq çıxışlarımda dəfələrlə ifadə etdiyim kimi, bizim əsas xarici siyasət prioritetimizdir. O cümlədən demişəm ki, Türk dünyası bizim ailəmizdir və bizim başqa ailəmiz yoxdur”.

Bakının müxtəlif sahələr üzrə yüksək səviyyəli TDT tədbirlərinə tez-tez ev sahibliyi etməsi isə ölkəmizin ikitərəfli gündəliyinin ilk növbədə Türk dünyası ölkələrinə yönəldiyini əyani şəkildə göstərir. Çünki Azərbaycan Prezidenti TDT-nin siyasi çəkisinin və iqtisadi gücünün daha da artırılmasının mümkünlüyünə inanır. Həmçinin təşkilat üzvlərinin Türk dünyasına yönələn ideoloji təxribatlara qarşı birgə mübarizə aparmasının vacibliyinin Prezident İlham Əliyev tərəfindən önə çəkilməsi də ortaq fəaliyyətlərimizdən biri ola bilər. Bu baxımdan dövlət başçımız tamamilə haqlı olaraq bildirdi ki, müasir geosiyasi şəraitdə enerji, nəqliyyat və təhlükəsizlik və ideoloji təxribatlara qarşı mübarizə artıq bir-birindən ayrı istiqamətlər kimi nəzərdən keçirilə bilməz. Bəli, bu gün enerji təhlükəsizliyi və nəqliyyat bağlantıları olmadan, ümumiyyətlə təhlükəsizlikdən danışmaq mümkün deyil".

Komitə sədri hesab edir ki, ona görə də Azərbaycanın TDT istiqamətində siyasəti Türk dünyasının siyasi, iqtisadi və təhlükəsizlik baxımından daha sıx birliyinə yönəlib:

"Bu mənada, dövlətimizin başçısının TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxsləri ilə görüşündəki çıxışının yekununda səsləndirdiyi bu fikir bütün türk dövlətlərinin təməl hədəfinə çevrilməlidir: “Qarşıda isə birgə iş, qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi, ölkələrimiz və xalqlarımız arasında daha sıx əlaqələrin qurulması, Türk Dövlətləri Təşkilatının beynəlxalq arenadakı rolunun gücləndirilməsi dayanır. Biz TDT-ni birgə səylərimizlə aparıcı beynəlxalq institutlardan, aparıcı beynəlxalq təşkilatlardan birinə çevirməyə çalışmalıyıq”. Prezident İlham Əliyev bu hədəfi bəyan etməklə türk dövlətləri üçün yeni yol xəritəsi cızmış oldu".

Süleyman
Xəbəri paylaş