Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət suverenliyinin tam bərpasına aparan tarixi yol

Dövlət suverenliyinin tam bərpasına aparan tarixi yol



2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər regionda tamamilə yeni siyasi və hərbi reallıqlar yaratdı. Azərbaycanın işğal altında olan torpaqlarının böyük hissəsi azad edildi və Ermənistan uzun illər davam etdirdiyi işğal siyasətinin iflasa uğradığını qəbul etməyə məcbur oldu. 10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat hərbi əməliyyatların dayandırılması ilə yanaşı, bölgədə yeni təhlükəsizlik və siyasi şərait formalaşdırmalı idi. Lakin müharibədən sonrakı dövrdə Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin mövcudluğu, separatçı fəaliyyətin davam etdirilməsi və müxtəlif təxribatlar davamlı sülhün əldə olunmasına ciddi maneə yaradırdı.

2023-cü ilin sentyabrında baş verən terror xarakterli təxribatlar vəziyyətin nə qədər ciddi olduğunu bir daha göstərdi. Azərbaycan vətəndaşlarının, o cümlədən hüquq-mühafizə orqanları əməkdaşlarının mina terroru nəticəsində həlak olması ölkəmizin təhlükəsizliyinə qarşı törədilən növbəti ağır cinayət idi. Azərbaycanın Qarabağ bölgəsində qanunsuz silahlı birləşmələrin fəaliyyətinin davam etməsi, hərbi mövqelərin saxlanılması, silah və sursatların mövcudluğu, istehkamların yaradılması regionda sülh və sabitlik üçün təhlükə yaradırdı. 19 sentyabr 2023-cü ildə başlanan lokal xarakterli antiterror tədbirlərinin əsas məqsədi məhz qanunsuz silahlı qüvvələrin yaratdığı təhlükənin aradan qaldırılması, hərbi infrastrukturların zərərsizləşdirilməsi və konstitusiya quruluşunun bərpası idi.

Azərbaycan Ordusu 19–20 sentyabr tarixlərində həyata keçirilən antiterror tədbirləri zamanı yüksək peşəkarlıq, müasir hərbi imkanlar və dəqiq koordinasiya nümayiş etdirdi. Əməliyyatların həyata keçirilməsi zamanı mülki əhalinin təhlükəsizliyinin təmin olunması da xüsusi diqqətdə saxlanıldı. Dövlət tərəfindən Qarabağ bölgəsində yaşayan mülki şəxslərə təhlükəsiz davranış qaydaları barədə məlumatlar verildi, humanitar ehtiyacların qarşılanması və tibbi yardımın göstərilməsi üçün müvafiq tədbirlər görüldü.

Azərbaycanın məqsədi mülki əhali ilə mübarizə aparmaq deyil, dövlətin təhlükəsizliyinə təhdid yaradan qanunsuz silahlı birləşmələri zərərsizləşdirmək idi. Bu, antiterror tədbirlərinin xarakterini və qarşıya qoyulan məqsədləri aydın şəkildə ortaya qoyurdu.
Antiterror tədbirlərinin ən diqqətçəkən cəhətlərindən biri əməliyyatın son dərəcə qısa müddətdə öz məqsədinə çatması idi. Təxminən 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində qanunsuz silahlı birləşmələrin müqaviməti qırıldı və onlar silahı yerə qoymağa məcbur oldular.

Azərbaycan Ordusunun bütün istiqamətlərdə əldə etdiyi hərbi üstünlük qarşı tərəfin kapitulyasiya etməsi ilə nəticələndi. Bununla da Qarabağda uzun illər mövcud olmuş silahlı separatizmin hərbi dayaqları aradan qaldırıldı.

Antiterror tədbirlərindən sonra Qarabağda mövcud olmuş qondarma separatçı qurumun fəaliyyətinin davam etdirilməsi üçün heç bir imkan qalmadı. Azərbaycan Respublikasının ərazisində qeyri-qanuni şəkildə yaradılmış bu qurum uzun illər separatizmin siyasi simvolu və vasitəsi kimi istifadə edilmişdi. Lakin Azərbaycan dövlətinin qətiyyətli siyasəti və Silahlı Qüvvələrimizin əldə etdiyi nəticələr onun mövcudluğuna son qoydu. 2023-cü il sentyabrın 28-də separatçı qurumun buraxılması ilə bağlı qərarın qəbul edilməsi bu prosesin siyasi baxımdan da başa çatdığını göstərdi. Beləliklə, Azərbaycanın ərazisində paralel və qeyri-qanuni siyasi-hərbi strukturun mövcudluğuna son qoyuldu.

Qarabağda Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının və dövlət institutlarının tam şəkildə tətbiqi üçün yeni imkanlar yarandı. Bu, yalnız hərbi qələbə deyildi. Bu, hüquqi dövlətçilik və konstitusiya quruluşunun bütün ərazilərdə təmin olunması baxımından da böyük tarixi nəticə idi. Azərbaycan dövlətçiliyinin ən mühüm rəmzlərindən biri üçrəngli Dövlət Bayrağımızdır. Uzun illər ərzində işğal və separatizm səbəbindən Azərbaycanın suveren hakimiyyətinin təmin olunmadığı ərazilərdə Azərbaycan Bayrağının ucaldılması tarixi və mənəvi əhəmiyyət daşıyırdı. Antiterror tədbirlərindən sonra Xankəndidə, Xocalıda, Ağdərədə, Xocavənddə və digər yaşayış məntəqələrində Azərbaycan dövlət atributlarının bərpa olunması xalqımız üçün tarixi ədalətin təntənəsinə çevrildi. Bu, Azərbaycanın ərazi bütövlüyünün yalnız beynəlxalq sənədlərdə deyil, real həyatda da tam təmin olunmasının rəmzi idi.

Xankəndidə Azərbaycan Bayrağının dalğalanması 2020-ci ildə başlayan Zəfər yolunun mühüm siyasi və tarixi nəticələrindən biri oldu. Azərbaycanın Qarabağla bağlı keçdiyi yol tarixi ardıcıllıq baxımından bir-birini tamamlayan mərhələlərdən ibarətdir. 2020-ci il 44 günlük Vətən müharibəsi işğalın böyük hissəsinə son qoydu və Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində əsaslı dönüş yaratdı. 2023-cü ilin sentyabrında keçirilən antiterror tədbirləri isə Qarabağda qalan qanunsuz silahlı birləşmələrin zərərsizləşdirilməsi və separatizmin hərbi-siyasi əsaslarının aradan qaldırılması ilə nəticələndi. Bu baxımdan 2020-ci il Zəfəri ilə 2023-cü ilin antiterror tədbirləri eyni tarixi prosesin mühüm və bir-birini tamamlayan mərhələləridir. Azərbaycan xalqı 2020-ci ildə işğala son qoymaq istiqamətində tarixi Qələbə qazandı, 2023-cü ildə isə dövlət suverenliyinin tam bərpasına nail oldu.

Bayram Xudayarov
Elm və Təhsil Nazirliyi Fizika İnstitutunun əməkdaşı,
“Heydər Əliyev məktəbinin davamçıları” Facebook qrupunun təsisçisi və rəhbəri,
YAP-ın fəal üzvü
Xəbəri paylaş