
"Ölkəmiz dünyada özünün multikultural dəyərləri, tolerant mühiti, sülhpərvər siyasi mövqeyi və humanitar təşəbbüskarlığı ilə tanınır. 2011-ci ildən etibarən Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə keçirilən, dövlət və hökumət rəhbərlərinin, Nobel mükafatı laureatlarının, dünyada tanınmış alimlərin, politoloqların və media rəhbərlərinin iştirakı ilə keçirilən Bakı Beynəlxalq Humanitar Forumu qlobal xarakterli humanitar problemlərin müzakirə edildiyi ən nüfuzlu platforma kimi yaddaşlara həkk olunub".
Newscenter.az xəbər verir ki, bunları politoloq Elman Cəfərli deyib. O bildirib ki, 2008-ci ildə əsası qoyulan “Bakı Prosesi” çərçivəsində 2011-ci ildən başlayaraq mütəmadi təşkil edilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT (YUNESCO), Ümumdünya Turizm Təşkilatı və İSESKO-nun tərəfdaşlığı ilə keçirilir:
"Şərq və Qərb, İslam və Xristian dünyası arasında mədəniyyətlərarası və dinlərarası körpü rolunu oynayan bu Forumda ənənəvi olaraq mədəni müxtəliflik, radikallaşmaya qarşı mübarizə, sülh şəraitində birgəyaşayış və inklüziv cəmiyyətlərin qurulması mövzuları müzakirə edilir. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil edilən Qlobal Bakı Forumu isə artıq dünyada “Kiçik Davos” kimi xarakterizə olunur – onlarla sabiq və hazırkı dövlət və hökumət başçılarının, beynəlxalq təşkilatların (BMT, Aİ və s.) rəhbərlərinin və beynəlxalq ekspertlərin iştirakı etdiyi bu platformada daha çox qlobal idarəetmə krizisi, yeni dünya nizamı, pandemiyadan sonrakı bərpa, geostrateji münaqişələrin humanitar fəsadları və yaşıl keçid məsələlərinə maraq göstərilir".
Anar












































