Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Dövlət diplomatiyası ilə mənəviyyatın vəhdətindən doğan yeni bir modelin carçısı

Dövlət diplomatiyası ilə mənəviyyatın vəhdətindən doğan yeni bir modelin carçısı


"Bakıda baş tutan yüksək səviyyəli qəbul müasir beynəlxalq münasibətlər sistemində sadəcə formal bir görüş olmaqdan uzaq, dərin strateji və fəlsəfi məna daşıyan mühüm bir hadisədir. Azərbaycanın paytaxtı növbəti dəfə sübut etdi ki, o, təkcə iqtisadi layihələrin və ya siyasi sammitlərin keçirildiyi məkan deyil, həm də fərqli mədəniyyətlərin və mənəvi dəyərlərin sülh şəraitində birgə mövcudluğunu şərtləndirən qlobal bir mərkəzdir".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Fariz İmamverdiyev deyib. O bildirib ki, dövlət başçısının fərqli coğrafiyaları və dini qurumları təmsil edən liderləri qəbul etməsi, dövlət diplomatiyası ilə mənəviyyatın vəhdətindən doğan yeni bir modelin carçısıdır:

"Bu tarixi platformada diqqəti cəlb edən ən mühüm məqam türk dünyasının mənəvi baxımdan bir araya gəlməsidir. Son dövrlərdə türk dövlətləri arasında müşahidə olunan siyasi və hərbi yaxınlaşma, bu növ görüşlər sayəsində özünün mədəni və ideoloji bütövlüyünü tapır. Siyasi müqavilələr dövlətləri yaxınlaşdırsa da, xalqları bir-birinə bağlayan əsl qüvvə ortaq dəyərlər və qarşılıqlı etimaddır. Bakı görüşü bu etimadın mənəvi sütunlarını möhkəmləndirməklə, gələcək inteqrasiya proseslərinə güclü bir təkan verir. Digər tərəfdən, Qafqazın dini rəhbərlərinin eyni masa arxasında əyləşməsi regionun gələcəyi üçün çox aydın sülh mesajıdır".

Hakim partiya təmsilçisi qeyd edib ki, tarix boyu etnik və dini zəmində münaqişələrin alovlandırılmağa çalışıldığı bir coğrafiyada dinin bir ayırıcı xətt deyil, əksinə, sülh və dialoq vasitəsi kimi təqdim olunması mühüm nailiyyətdir:

"Azərbaycan bu addımı ilə bölgədə sabitliyin əsas təminatçılarından biri olduğunu və münaqişələrdən sonrakı dövrdə bərpa olunan regionda yalnız mehriban qonşuluq münasibətlərinin hökm sürməsini istədiyini nümayiş etdirir. İşğaldan azad edilmiş torpaqlarda tarixi və dini abidələrin yenidən dirçəldilməsi mövzusu isə təkcə keçmiş irsə sahib çıxmaq deyil, həm də ədalətin bərqərar olunmasının rəmzidir".

Anar
Xəbəri paylaş