
AQEM-in VII Sammitinə ev sahibliyi və növbəti dövr üzrə sədrliyin yenidən ölkəmizə həvalə edilməsi Bakının qlobal güc mərkəzinə çevrildiyini bir daha təsdiqləyir. Bu mənada Prezident İlham Əliyevin sammitdəki tarixi çıxışı mürəkkəb geosiyasi şəraitdə etimad quruculuğu və daha etibarlı təhlükəsizlik arxitekturasının yol xəritəsi hesab edilə bilər.
Təsəvvür edin, cəmi 33 il əvvələ qədər öz taleyi öz əlində olmayan bir dövlət indi Asiyada etimad quruculuğunun lokomotividir. Bəli, bu, qüdrət göstəricisidir, ama açıq deyək, Çinin, Rusiyanın, Hindistanın, ərəb dünyasının mövcud olduğu bir coğrafiyada bizim nə maliyyə imkanlarımız, nə də demoqrafik göstəricimiz cari reallığın zəminində dayana bilməz. Tarixin heç bir dövründə malik olmadığımız bu gücün təməlində yalnız bir amil dayanır – cənab İlham Əliyevin vizyonu.
Özünüz fikirləşin, 1993-cü ilə qədər hakim olmuş iki dağıdıcı təfəkkürlə, dövlət başçımızın təbirincə desək, postunu qoyub qaçanlarla bu reallığa nail olmaq mümkün idimi? Bax buna görə, Azərbaycanı kiçik və gücsüz görmək istəyənlər üçün cənab İlham Əliyevin güclü mərkəzləşmiş hakimiyyəti və xalqın birliyi arzuolunan deyil.
Xüsusən son günlər qabaran eqolar fonunda görünən isə odur ki, Azərbaycan Prezidenti hər kəsi suverenlik xəttindən bəlli məsafədə saxlamağı bacarır. Düzdür, bəziləri bu reallığı hələ də həzm etmək istəmir, gedişatı emosional formada qarşılayıb marionet siyasətçiləri, media resurslarını quduzlar sürüsü kimi əleyhimizə qaldırır. Xüsusən, qardaş Türkiyədən bu prosesi izləmək çox məyusedicidir. Amma bir də baxın, önə çıxanlar kimlərdir? FETÖ olimpiadalarının üzü – Saral, yaxud Kılıçdaroğlu – bu adamın adı gələndə bütün Türkiyə gülür, yaxud Fatih Ərbakan – soyadından başqa heç bir nailiyyəti olmayan siyasi troll və ya İrandan bəzi radikallar. Amma başa düşmürlər ki, bunlar çağırış etdi nə olacaq, etmədi nə olacaq?
İmana qalanda, heç kim Azərbaycanın dinə sağlam münasibətini mühakimə edə bilməz. Dini istismar edənlərdən fərqli olaraq, bizim Vətən boyda imanımız var. Cənab İlham Əliyev 7 müsəlman dövlətinin ərazisindən daha böyük ərazidə məscidləri tapdaqdan qurtaranda özünü İslam hamisi sayanların bir qismi bizdən biznes güzəşti umurdu, digər qismi ermənilərə silah daşıyırdı.
Ona görə də kimsə bizə müsəlmanlıq aşılamağa çalışmasın. İnancı ləçək boyda olanlar inamı və imanı Vətən boyda olanlara dərs keçə bilməz!
Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı












































