
“Azərbaycanla İtaliya arasında siyasi, iqtisadi, enerji, mədəni və humanitar sahələrdə geniş əməkdaşlıq mövcuddur. Bu əlaqələrin möhkəmləndirilməsində yüksək səviyyəli qarşılıqlı səfərlər mühüm rol oynayır. Bu baxımdan İtaliya Prezidentinin Azərbaycana rəsmi səfəri, ikitərəfli münasibətlərin inkişafında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.
Newscenter.az xəbər verir ki, bunları “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı İtaliya Respublikasının Prezidenti Sercio Mattarellanın Azərbaycana səfərini şərh edərkən səsləndirib. O deyib ki, prezident səfərləri dövlətlərarası münasibətlərin inkişafında mühüm rol oynayan siyasi hadisələrdir:
“İtaliya Prezidentinin Azərbaycana səfəri, hər iki ölkənin siyasi iradəsinin və qarşılıqlı etimadının göstəricisidir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər, regionda və dünyada baş verən aktual hadisələrə dair mövqelərin uzlaşdırılmasına, həmçinin beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyin artırılmasına şərait yaradır. Bu, Azərbaycan və İtaliya arasında strateji tərəfdaşlığın daha da dərinləşməsinə zəmin yaradır. Təsadüfi deyil ki, dövlət başçıları səviyyəsində keçirilən görüş zamanı da cənab İlham Əliyev Azərbaycan və İtaliyanın əsl strateji tərəfdaş olduğunu deyib”.
Arzuman Muradlı qeyd edib ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi sahədə yüksək səviyyəli əməkdaşlıq mövcuddur və Roma Bakı ilə birlikdə bir sıra qlobal əhəmiyyətli enerji layihələrinin aktiv içtirakçısıdır:
“İtaliya, Cənub Qaz Dəhlizi layihəsinin əsas iştirakçılarından biri kimi, Azərbaycanın təbii qazını birbaşa alır. İtaliya Prezidentinin Azərbaycana səfərinin nəticəsi olaraq heç şübhəsiz ki, enerji sektorunda əməkdaşlığın daha da genişləndirilməsi, alternativ enerji sahələrində ortaq layihələrin icrası və yaşıl enerji keçidi üzrə təcrübə mübadiləsi məsələləri istiqamətində əməkdaşlıq imkanları daha da genişlənəcək:
Bu da, iki ölkə arasında uzunmüddətli iqtisadi əməkdaşlığın möhkəmlənməsinə töhfə verəcəkdir. Ümumiyyətlə, İtaliya, Azərbaycan iqtisadiyyatında mühüm yerə sahib olan ölkələrdən biridir. O, Azərbaycanın Avropada əsas ticarət tərəfdaşlarından biri olmaqla yanaşı, burada fəaliyyət göstərən bir çox İtaliya şirkəti vasitəsilə müxtəlif sahələrdə layihələr həyata keçirir”.
Süleyman