Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və İtaliya arasındakı münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır

Azərbaycan və İtaliya arasındakı münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır



Məlumdur ki, ölkəmizin xarici siyasətin əsas istiqamətlərindən biri də Avropanın aparıcı ölkələri ilə yaxın təmasların qurulmasıdır. Bu mənada İtaliya ilə münasibətlər xüsusi əhəmiyyət kəsb edir. İtaliya Azərbaycan üçün olduğu kimi ölkəmiz də İtaliya üçün cəlbedici ölkədir. İlk növbədə Azərbaycanın karbohidrogen ehtiyatları dövlətlərimiz arasındakı əlaqələrin inkişafı zərurətini meydana çıxarıb. Təsadüfi deyil ki, Azərbaycan-İtaliya əməkdaşlığının ən mühüm simvollarından biri Trans-Adriatik Qaz Kəməri layihəsidir. Cənab Prezidentin də qeyd etdiyi kimi TAP-ın və Cənub Qaz Dəhlizinin açdığı yol bu gün daha böyük layihələrə yol açır. Elektrik enerjisi bizim əməkdaşlığımızın həcmini daha da artıracaq.
Hazırda Azərbaycan və İtaliya arasındakı münasibətlər qarşılıqlı faydalı tərəfdaşlıq xarakteri daşıyır və bir-birinin maraqlarına hörmət prinsiplərinə əsaslanır. Azərbaycan və İtaliya arasında 2015-ci ildə imzalanmış strateji tərəfdaşlıq sənədi, ardınca isə 2018-ci ildə qəbul edilən Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə siyasi əlaqələrin institusional çərçivəsinin müəyyənləşdirilməsində əhəmiyyətli rola malik sənədlərdir.
İtaliya Prezidenti Sercio Mattarellanın Azərbaycana səfəri və cənab Prezident İlham Əliyevlə görüşü Azərbaycan-İtaliya münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinin və yeni əməkdaşlıq üfüqlərinin açılmasının təsdiqi kimi dəyərləndirilə bilər. İstər keçirilən görüşdə, istərsə də liderlərin mətbuata bəyanatlarında səsləndirilən fikirlərdə hər iki ölkənin strateji tərəfdaşlığının tarixi və bugünkü reallıqlar tam olaraq öz əksini tapdı deyə bilərik. Prezident İlham Əliyevin də vurğuladığı kimi, İtaliya ilə münasibətlər xüsusi bir inkişaf yoluna qədəm qoyub. İtaliya Prezidenti Mattarellanın Azərbaycan ikinci dəfə səfər etməsi onu göstərir ki, İtaliya-Azərbaycan əlaqələri çox uğurla inkişaf edir və biz əsl strateji tərəfdaşlarıq.
Cənab Mattarella da İtaliyanın Azərbaycanla əməkdaşlığa xüsusi önəm verdiyini və bu əlaqələrin inkişaf etdirilməsi üçün mümkün olan hər şeyi edəcəklərini deməklə yanaşı ölkəmizi təkcə İtaliya üçün deyil bütövlükdə Avropa İttifaqı üçün nüfuzlu bir tərəfdaş olaraq qiymətləndirdi.
Sonda qeyd edim ki, İtaliya Prezidentinin ölkəmizə səfəri ölkəmizin xarici siyasət sahəsində əldə etdiyi müsbət nəticələri bir daha nümayiş etdirdi. Bu səfər yalnız İtaliya ilə münasibətlərin inkişafını deyil, eyni zamanda Azərbaycanın beynəlxalq aləmdəki güclü mövqeyini də önə çıxartdı.

Yusif Bağırzadə, politoloq
Xəbəri paylaş