
İsmayıllı şəhər 6 saylı tam orta məktəbində məktəbin pedaqoji kollektivi ilə görüş keçirilib.
Newscenter.az xəbər verir ki, görüşdə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov iştirak edib.
Dəyirmi masa formatında təşkil olunan görüşdə məktəbin ümumi vəziyyəti, tədris prosesində mövcud olan çətinliklər, nailiyyətlər və qarşıda duran vəzifələr ətraflı şəkildə müzakirə olunub. Rayon rəhbəri Nahid Bağırov çıxışı zamanı son illərdə rayonda təhsil sahəsində görülən işlər, yeni tikilən və əsaslı şəkildə yenilənən məktəblər, təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində atılan addımlar barədə məlumat verib. O, eyni zamanda, mövcud nöqsanlara da diqqət çəkərək onların aradan qaldırılması üçün görülməli olan tədbirləri qeyd edib.

Məktəbin müəllim kollektivi ilə səmimi dialoq şəraitində keçən görüşdə bir sıra aktual məsələlər müzakirə olunub, müəllimlər tərəfindən fikir və təkliflər irəli sürülüb. Təhsildə keyfiyyətin artırılması, şagird nailiyyətlərinin yüksəldilməsi və müəllimlərin peşəkarlığının inkişafı istiqamətində görülə biləcək işlər təhlil olunub.
Görüşün sonunda qarşılıqlı anlaşma və əməkdaşlıq mühitində birgə fəaliyyətin davam etdiriləcəyi vurğulanıb. Bildirilib ki, təhsil cəmiyyətin inkişafının əsas dayağıdır və bu yolda müəllimlərin fədakar əməyi xüsusi önəm daşıyır. Rayon rəhbəri müəllimlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, onların hər bir uğurunun bütövlükdə rayon təhsilinin inkişafına verdiyi töhfəni yüksək qiymətləndirib.
Bu kimi görüşlər gələcəkdə də davam etdiriləcək və təhsil ictimaiyyəti ilə açıq dialoqun, qarşılıqlı dəstəyin gücləndirilməsi istiqamətində mühüm addımlar atılacaq. Məqsəd – birgə əmək və qarşılıqlı etimad əsasında daha yüksək nailiyyətlərə imza atmaqdır.
Ruhiyyə Mehdiyeva