Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Geosiyasi risklərin mərkəzində

Geosiyasi risklərin mərkəzində


İran–İsrail–ABŞ arasında davam edən gərginlik artıq lokal qarşıdurma çərçivəsini aşaraq qlobal təhlükəsizlik arxitekturasına, enerji bazarlarına və geosiyasi tarazlığa birbaşa təsir edən faktora çevrilir. Bu kontekstdə Azərbaycan coğrafi mövqeyinə və çoxşaxəli xarici əlaqələrinə görə proseslərin kənarında deyil, əksinə təsir zonasındadır.

Mövcud şəraitdə Azərbaycan üçün optimal strateji xətt balanslı və praqmatik xarici siyasətin davam etdirilməsidir. Ölkənin indiyə qədər formalaşdırdığı çoxvektorlu diplomatik yanaşma eyni anda İsrail, İran, ABŞ və Qərblə işləmək bacarığı onun əsas üstünlüyüdür. Bu reallıq “aktiv neytrallıq” modelini zəruri edir: yəni passiv müşahidəçi yox, lakin açıq bloklaşmadan uzaq, çevik və hesablanmış davranış.

Azərbaycanın strateji davranışı iki zidd risk arasında balans tapmalıdır: bir tərəfdə geosiyasi bloklaşmanın yaratdığı təhlükələr, digər tərəfdə isə passivliyin doğura biləcəyi təsir itkisi. Türkiyə və Türk Dövlətləri ilə əməkdaşlıq Azərbaycanın təhlükəsizlik və iqtisadi təməlinin əsas sütunlarından biridir. Lakin bu əməkdaşlıq emosional ittifaq siyasəti səviyyəsinə qalxarsa və ya üçüncü tərəflərə qarşı yönəlmiş kimi təqdim olunarsa, əlavə risklər yarada bilər. Bu baxımdan ən rasional model strateji yaxınlıq və taktiki müstəqillik balansıdır. Eyni zamanda mövcud geosiyasi gərginlik enerji və logistika faktorlarını ön plana çıxarır. Azərbaycan üçün burada əsas imkan pəncərəsi alternativ enerji təchizatçısı və tranzit mərkəz kimi mövqeyini gücləndirməkdir. Bu isə yalnız resurslara deyil, idarəetmə effektivliyinə və institusional çevikliyə bağlıdır.

Son dövrlərdə müşahidə olunan mühüm tendensiyalardan biridə Azərbaycan kapitallarının xarici bazarlara yönəlməsi faizinin artmasıdır. Gürcüstan və Özbəkistan kimi ölkələrə investisiya axınının artması biznes mühitinin müqayisəli qiymətləndirilməsinin nəticəsidir. Kapitalın davranışı emosional deyil o, risk, gəlirlilik və institusional etibarlılıq əsasında qərar verir. Əgər sahibkar xaricdə daha proqnozlaşdırıla bilən mühit, daha şəffaf qaydalar və daha yüksək qorunma görürsə, kapitalın istiqaməti də buna uyğun formalaşır. Azərbaycanda elə institusional və iqtisadi mühit qurulmalıdır ki, yerli investor üçün daxili bazar ən azı xarici alternativlər qədər cəlbedici olsun. Bu isə yalnız təşviqlərlə deyil, iqtisadiyyatın liberallaşdırılması, hüquqi təminat, sağlam rəqabət mühiti, idarəetmə keyfiyyəti və uzunmüddətli sabitliklə mümkündür.

Mövcud reallıq Azərbaycan üçün iki paralel xətti zəruri edir: xarici siyasətdə balansın qorunması və geosiyasi risklərin idarə olunması, daxildə dayanıqlı, şəffaf və investisiya üçün etibarlı iqtisadi sistemin qurulması.

Strateji formul isə dəyişmir: Sabitliyi qorumaq, iqtisadi transformasiyanı dərinləşdirmək, uzunmüddətli güc formalaşdırmaq.

Səftər Rəhimli
Xəbəri paylaş