Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Azərbaycan və Latviya logistika və tranzit sahələrində bir-birini tamamlayan potensiala malikdir

Azərbaycan və Latviya logistika və tranzit sahələrində bir-birini tamamlayan potensiala malikdir


"Prezident İlham Əliyev və Edqars Rinkeviçs arasında Bakıda baş tutan görüş və səfər çərçivəsində verilən bəyanatlar iki ölkə münasibətlərinin formal çərçivədən çıxaraq daha praktik və çoxşaxəli əməkdaşlıq mərhələsinə keçmək niyyətini göstərir. Doqquz il əvvəl imzalanmış strateji tərəfdaşlıq sənədinə istinad edilməsi təsadüfi deyil. Bu, mövcud münasibətlərin hüquqi əsasının artıq kifayət qədər möhkəm olduğunu və əsas diqqətin indi konkret iqtisadi və institusional nəticələrə yönəldiyini ortaya qoyur. Xüsusilə biznes-forumun keçirilməsi və qarşılıqlı sərmayələrin təşviqi ilə bağlı vurğular göstərir ki, həm Azərbaycan, həm də Latviya ticarət dövriyyəsinin aşağı səviyyədə qalmasından narazıdır və bunu dəyişmək üçün daha aktiv mexanizmlər axtarırlar".

Newscenter.az xəbər verir ki, bunları politoloq Yusif Bağırzadə deyib. O bildirib ki, burada diqqət çəkən əsas məqamlardan biri əməkdaşlığın coğrafi və siyasi kontekstidir:

"Azərbaycan və Latviya fərqli regionlarda yerləşsə də, enerji, logistika və tranzit sahələrində bir-birini tamamlayan potensiala malikdir. Azərbaycanın enerji resursları və nəqliyyat dəhlizlərində artan rolu Latviyanın isə Avropa daxilində logistika və liman infrastrukturu ilə inteqrasiyası bu əməkdaşlığı strateji baxımdan cəlbedici edir. Bu baxımdan, birbaşa uçuşların müzakirəsi sadəcə texniki məsələ deyil, daha geniş iqtisadi və turizm əlaqələrinin inkişafı üçün katalizator rolunu oynaya bilər.

Eyni zamanda, dövlət başçısının çıxışında humanitar və təhsil sahəsinə toxunulması münasibətlərin yalnız iqtisadi və siyasi deyil, sosial baza üzərində də qurulduğunu göstərir. Latviyada təhsil alan azərbaycanlı tələbələrin qeyd edilməsi uzunmüddətli perspektivdə “yumşaq güc” elementlərinin gücləndirilməsinə xidmət edir. Bu cür əlaqələr gələcəkdə biznes, diplomatiya və akademik sahələrdə qarşılıqlı anlaşmanı artıran insan kapitalı yaradır".

Politoloq qeyd edib ki, regional təhlükəsizlik məsələlərinin müzakirəsi və Ermənistanla sülh prosesinə dair verilən mesajlar Azərbaycanın bu platformanı yalnız ikitərəfli münasibətlərlə məhdudlaşdırmadığını göstərir:

"Bu, Bakının öz regional siyasi gündəliyini Avropa tərəfdaşlarına çatdırmaq və öz mövqeyini gücləndirmək kimi də qiymətləndirilə bilər. Sülh prosesinin yeni mərhələyə keçdiyi barədə vurğular Azərbaycanın mövqeyinin beynəlxalq səviyyədə qəbul olunmasına yönəlmiş diplomatik ritorikanın bir hissəsidir.
Ümumi olaraq qeyd edim ki, bu səfər simvolik jestdən daha çox, münasibətlərin struktur transformasiyasına yönəlmiş addım kimi qəbul oluna bilər. Əminəm ki, biz qısa müddtədə imzalanan sənədlərin və elan olunan planların konkret iqtisadi layihələrə çevrilməsinə də şahidlik edəcəyik".

Süleyman
Xəbəri paylaş