Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Qurtuluşdan Böyük Zəfərə aparan yol

Milli Qurtuluşdan Böyük Zəfərə aparan yol


"Azərbaycan xalqının müstəqillik tarixində xüsusi yer tutan 15 İyun – Milli Qurtuluş Günü dövlətimizin mövcudluğu, xalqımızın gələcəyi və müstəqilliyimizin qorunub saxlanılması baxımından müstəsna əhəmiyyət daşıyan tarixi hadisədir. Bu gün Azərbaycan xalqının ağır sınaqlardan keçərək parçalanmaq, vətəndaş qarşıdurması və dövlətçiliyin məhv olmaq təhlükəsindən xilas olduğu, sabitlik və inkişaf yoluna qədəm qoyduğu bir dövrün başlanğıcı kimi tarixə düşmüşdür".

Newscenter.az xəbər verir ki, bunları YAP üzvü Elşən Səfərov deyib. O bildirib ki, 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan qısa müddət ərzində ciddi siyasi, iqtisadi və hərbi problemlərlə üzləşdi:

"Ölkədə hakimiyyət böhranı, idarəetmədə pərakəndəlik, iqtisadi tənəzzül və Ermənistanın hərbi təcavüzü nəticəsində yaranmış ağır vəziyyət Azərbaycanı parçalanmaq təhlükəsi ilə üz-üzə qoymuşdu. Xüsusilə 1992-1993-cü illərdə ölkədə hökm sürən xaos, silahlı dəstələrin özbaşınalığı və dövlət institutlarının zəifləməsi milli təhlükəsizliyi ciddi şəkildə təhdid edirdi.

Belə mürəkkəb və taleyüklü bir dövrdə Azərbaycan xalqı öz xilaskarına – görkəmli dövlət xadimi, Ulu Öndər Heydər Əliyevə üz tutdu. Xalqın təkidli tələbi ilə 1993-cü ilin iyun ayında Heydər Əliyev Bakıya dəvət olundu. 15 iyun 1993-cü ildə isə o, Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Məhz bu tarix ölkənin siyasi həyatında dönüş nöqtəsi oldu və sonralar Milli Qurtuluş Günü kimi dövlət bayramı elan edildi.

Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə Azərbaycanda ictimai-siyasi sabitlik bərpa edildi, vətəndaş qarşıdurmasının qarşısı alındı, dövlətçilik ənənələrinin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atıldı. Qısa müddətdə ölkədə hüquqi dövlət quruculuğu prosesinə başlanıldı, iqtisadi islahatlar həyata keçirildi və beynəlxalq münasibətlər sistemində Azərbaycanın mövqeyi gücləndirildi".

O qeyd edib ki, Milli Qurtuluş Azərbaycan dövlətçiliyinin xilası ilə yanaşı, gələcək inkişaf strategiyasının da əsasını qoydu:

"Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində ölkədə sabitlik təmin olundu, xarici investisiyaların cəlb edilməsi üçün əlverişli şərait yaradıldı. 1994-cü ildə imzalanan “Əsrin müqaviləsi” Azərbaycanın iqtisadi inkişafında yeni mərhələnin başlanğıcı oldu və ölkəmizin beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə artırdı.

Ulu Öndərin müəyyən etdiyi siyasi kurs bu gün də uğurla davam etdirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz hərtərəfli inkişaf yolu keçmiş, regionun lider dövlətinə çevrilmişdir. Son illərdə əldə olunan iqtisadi nailiyyətlər, həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, beynəlxalq təşkilatlarda qazandığımız uğurlar və xüsusilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbə Milli Qurtuluş ideyalarının təntənəsi kimi qiymətləndirilir".

Arzu
Xəbəri paylaş