Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Sənəd sosial şəbəkələri tamamilə qadağan etmir, əksinə, uşaqlar üçün təhlükəsiz rəqəmsal ekosistem formalaşdırmağı hədəfləyir

Sənəd sosial şəbəkələri tamamilə qadağan etmir, əksinə, uşaqlar üçün təhlükəsiz rəqəmsal ekosistem formalaşdırmağı hədəfləyir


Uşaqların sosial şəbəkələrdən nəzarətsiz istifadəsi onların psixoloji, fiziki mühitinə, fərdi məlumatlarının təhlükəsizliyinə birbaşa təhdid yaradır. Bu gün birgə komitələrin müzakirə edərək plenar iclasda birinci oxunuşa tövsiyə olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə layihənin əsas fəlsəfəsi uşaqları rəqəmsal dünyanın zərərli məzmunlarından, aslılıq yaradan dizaynlardan və potensial kiber-təhdidlərdən qorumaqdır.

Sənəddə ​beynəlxalq təcrübəyə müraciət edilmiş, qabaqcıl beynəlxalq analoqlar, xüsusən də Avstraliyanın "Onlayn Təhlükəsizlik haqqında Qanunu" təhlil edilərək minimum rəqəmsal yetkinlik yaşı 16 yaş olaraq müəyyən edilmişdir.
Təbii ki, bunun üçün ilk növbədə ​valideyn nəzarətinin hüquqi çərçivəsi müəyyən edilir, daha dəqiq desək, 16–18 yaş qrupundakı yeniyetmələrin fərdi rəqəmsal hesab yaratması, ondan istifadəsi və kontent paylaşması yalnız qanuni nümayəndəsinin razılığı və nəzarəti altında mümkün olacaqdır.

​Yaş məhdudiyyəti hansı sosial şəbəkələrə tətbiq ediləcəyinə gəlincə, layihədə "sosial şəbəkə platforması" anlayışına geniş və əhatəli hüquqi tərif verilib. Bura istifadəçilər arasında rəqəmsal qarşılıqlı əlaqəni, daha aydın desək, mətn, foto, video, audio və s. kütləvi şəkildə paylaşmaq imkanını təmin edən informasiya sistemləri daxildir. Lakin istisnalar da mövcuddur və təhsil, səhiyyə və ya peşəkar-işgüzar münasibətlərin qurulması məqsədi daşıyan platformalar isə bu məhdudiyyətdən istisna edilir. ​Yəni məhdudiyyət sırf əyləncə və ümumi ünsiyyət xarakterli, uşaqların asılılıq yaradan alqoritmlərlə, üzləşdiyi populyar qlobal və yerli sosial şəbəkə platformalarına şamil olunacaq.

Məsuliyyət məsələsinə gəlincə layihə ilə İnzibati Xətalar Məcəlləsinə tam yeni maddələrin əlavə edilməsi nəzərdə tutulur və burada əsas hüquqi öhdəlik və məsuliyyət birbaşa platforma provayderlərinin, yəni sosial şəbəkə sahiblərinin yaxud idarəçilərinin üzərinə qoyulur. Əks olunan cərimə sanksiyaları isə kifayət qədər sərtdir.
​Məlumat təqdim edilməməsi və ya təhrif edilməsinə görə vəzifəli şəxslər 6000–7000 manat, hüquqi şəxslər isə 20000–30000 manatadək cərimə edilə bilər. ​Sorğuların cavablandırılmamasına görə isə vəzifəli şəxslər 7000–8000 manat, hüquqi şəxslər isə 25000–30000 manatadək cərimə oluna bilər.

​Təhlükəsiz istifadə ilə bağlı tələblərin, daha dəqiq desək yaşın yoxlanılması, zərərli kontentin silinməsi və s. pozuntulara görə isə Vəzifəli şəxslər 8000–9000 manat, hüquqi şəxslər isə 35000–40000 manatadək yüksək məbləğdə cərimə sanksiyaları ilə üzləşəcəklər.

​Həmçinin, xarici provayderlərin ölkədə filial və ya nümayəndəlik yaratmaq öhdəlikləri və buna əməl etmədikdə tətbiq olunacaq 100 min manatdan başlayaraq, internet trafikinin məhdudlaşdırılmasına qədər ciddi maliyyə sanksiyaları layihədə dəqiq tənzimlənib.

Gözlənilən əsas dividendlərə gəlincə, ilk növbədə kiber-təhlükəsizlik və psixoloji sağlamlıq, uşaqların fiziki və psixi sağlamlığına zərər vuran, asılılıq yaradan məzmunların qarşısı operativ şəkildə alınacaq. Provayderlər zərərli məzmunu aşkar etdikdən sonra 24 saat ərzində silməyə borcludurlar.

​Həmçinin, 16-18 yaş arası uşaqların fərdi məlumatlarının toplanılması, sistemdə saxlanılması və üçüncü şəxslərə kommersiya və hədəfli reklam məqsədilə ötürülməsi qadağan edilir ki, bu, uşaqların rəqəmsal profillənməsinin qarşısını alacaq.

Layihə, həmçinin ​valideyn-övlad münasibətlərində hüquqi dəstək məzmununa da malikdir. Daha dəqiq desək, valideynlərə övladlarının rəqəmsal mühitdəki fəaliyyətinə qanuni əsaslarla nəzarət etmək və zərurət yarandıqda uşağın yerləşdirdiyi məlumatların silinməsini tələb etmək hüququ verilir.

​Potensial risklərə gəlincə, layihədə yaşın dəqiqləşdirilməsi üçün provayderlərə bank kartı, elektron poçt və mobil telefon nömrəsi kimi texniki üsulların tətbiqi öhdəliyi qoyulur ki, bu da ilkin mərhələdə istifadəçilər və texniki infrastruktur üçün müəyyən adaptasiya çətinlikləri yarada bilər. Həmçinin, qanunun tətbiqi fonunda uşaqların yaş həddini gizlətmək üçün alternativ texniki vasitələrə, məsələn, VPN və ya saxta rəqəmsal kimliklərə əl atma riski hər zaman mövcuddur. Buna görə də, qanunun icrası güclü dövlət nəzarəti və platformalarla operativ əməkdaşlıq tələb edəcək.

Ümumilikdə yanaşdıqda isə ​bu qanun layihəsinin qəbul edilməsi dövlətin uşaq hüquqlarının müdafiəsinə verdiyi prioritet əhəmiyyətin göstəricisidir. Sənəd sosial şəbəkələri tamamilə qadağan etmir, əksinə, uşaqlar üçün təhlükəsiz, süzgəcdən keçirilmiş və hüquqi mexanizmlərlə qorunan bir rəqəmsal ekosistem formalaşdırmağı hədəfləyir.

Bəhruz Məhərrəmov,
Milli Məclisin deputatı
Xəbəri paylaş