
Ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməklə bütöv bir regionda yeni geosiyasi reallıqlar yaradan qalib Azərbaycan, hər nə qədər çoxvektorlu və balanslı xarici siyasət yürütməyə çalışsa da, lakin İran və İsraildən dolayı zaman-zaman bu və ya digər problemlərlə üzləşir. Ümumiyyətlə, İran da, İsrail də ikisi də problemli ölkədir. Bu baxımdan, İran ilə qonşu olmaq, İsraillə isə əməkdaşlıq etmək Azərbaycan üçün müəyyən risklər yaradır. Lakin Azərbaycan özünün çevik və rasional diplomatiyası ilə bu riskləri mümkün olduğu qədər minimallaşdırmağa və bir-biri ilə daimi qarşıdurma vəziyyətində olan İran və İsraillə münasibətlərini uzlaşdırmağa çalışır. Bu isə elə də asan proses deyil.
İranın fars-molla rejiminin, xüsusən də SEPAH qanadının ayrı-ayrı təmsilçilərinin Azərbaycana qarşı vaxtaşırı düşmənçilik mövqeyini nümayiş etdirməsi bu ölkə ilə münasibətlərimizin arzuolunan səviyyədə normallaşmasına mane olur. İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Əbülfəzl Zöhrəvəndinin bugünlərdə Azərbaycan əleyhinə verdiyi açıqlama da onsuz da kövrək olan münasibətləri israrla zədələməyə xidmət edir. Belə ki, Əbülfəzl Zöhrəvəndi “Tahririeh Plus” Yutub kanalındakı müsahibəsi zamanı bir sıra region ölkələri ilə yanaşı, Azərbaycanı da açıq şəkildə hədələyib. O, qonşu ölkələri təhdid edərək deyib ki, "bizim yanaşma və metodumuz tam rasionaldır. Əgər vurarıqsa elə vurarıq, ayağa qalxa bilməzlər".
Tez-tez Azərbaycanı məhv etməklə və Bakıda İran bayrağını qaldırmaqla bağlı açıq hədələr səsləndirən bir sıra mürtəce İran "ekspert"ləri, "siyasətçi"ləri, "deputat"ları kimi Əbülfəzl Zöhrəvəndi də həddini aşaraq rəsmi Tehranın qərar verəcəyi təqdirdə, Azərbaycanı cəmi 3 saat ərzində məhv edə biləcəyini bildirib: "Bakı nə olduğunu bilmir. Azərbaycan heç nədir, onlar 3-4 saat ərzində xəritədən silinə bilər". Azərbaycanı bu cürə həyasızcasına təhdid edən Ə.Zöhrəvəndi ritorikasını biraz da sərtləşdirərək Azərbaycanı İranın tərkib hissəsi olan bir əyalətə çevirmək niyyətində olduqlarını bəyan edib.
İranlı deputatın bu cür təhdidkar ritorikası Azərbaycana qarşı sadəcə düşmənçilik mövqeyinin nümayişi deyil, həm də reallıq hissinin tamamilə itirilməsidir. Bu da onu göstərir ki, onlar Azərbaycanın potensialını və mümkün cavab imkanlarını düzgün qiymətləndirə bilmirlər. Ola bilsin ki, molla rejiminin Zöhrəvəndi kimi dəstəkçilərinin ağlı BƏƏ-yə, Qətərə, Küveytə və digər Körfəz ölkələrinə gedib. Lakin İranın davamlı təhdidləri, hədələri qarşısında Azərbaycanın səbri Körfəz ölkələrinin səbri qədər limitsiz deyil. Azərbaycan bu cür həyasız bəyanatlar, əsassız ittihamlar və eqolu davranışların, təhdidlərin qarşısında sonsuza qədər təmkinli mövqe yürütməyəcək. Ona görə də molla rejimi Azərbaycanın səbrini sınağa çəkməməlidir.
Azərbaycan hər zaman İranla dinc qonşuluq və qarşılıqlı faydalı əməkdaşlıq siyasəti yürütməyə üstünlük verib. Bu kontekstdə İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkianın ölkəsinin üzləşdiyi ağır günlərdə rəsmi Bakının göstərdiyi humanitar yardımlara görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirməsi də əsla təsadüfi deyil. Bu, Azərbaycan dövlətinin öz qonşuları ilə münasibətləri sağlam əsasda qurmaqda, dinc yanaşı yaşamaqda və o cümlədən, İranla əlaqələrin inkişafında maraqlı olduğunun göstəricisidir. Dövlətimizin başçısının qeyd etdiyi kimi bu gün qarşıda duran əsas məsələlərdən biri məhz Azərbaycan-İran dövlətlərarası əlaqələrini yüksək səviyyəyə qaldırmaqdır.
Lakin Azərbaycan-İran qonşuluq əlaqələrinin strateji münasibətlər səviyyəsinə yüksəlməsi təkcə bizdən asılı deyil. Çox təəssüflər olsun ki, Əbülfəzl Zöhrəvəndi kimi bəzi sərsəm siyasətciklərin öz başlarından böyük məsuliyyətsiz bəyanatları, təhdidkar açıqlamaları İran-Azərbaycan münasibətlərinə hər zaman ciddi zərər vurub, iki ölkə arasında sıx dostluq və mehriban qonşuluq münasibətlərinin oturuşmasına, möhkəm zəmin üzərində bərqərar olmasına mane olub. İran rəhbərliyi bu cür "qırğı"ların, qaragüruhçuların və təxribatçıların qarşısını almalıdır. Biz CNN-in ölkəmizə iftira atan məlum yazısından sonra Azərbaycana qarşı bu cür hücumların heç də təsadüfi olmadığını yaxşı bilirik. Ancaq İrana da, İsrailə də tövsiyəmiz budur ki, Azərbaycanı öz oyunlarına qatmasınlar. Azərbaycan özgələrinin maraqlarından deyil, öz milli maraqlarından çıxış edir.
Əlisahib Hüseynov, Azərbaycan Həmrəylik Komitəsinin sədri












































