Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bildirən mesaj

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə qardaşlığını dünyaya bildirən mesaj


“Azərbaycan və Türkiyənin dostluq-qardaşlığını dünyaya bir daha sübut edən tarixi Şuşa Bəyannaməsinin imzalanmasından 5 il keçir. 2021-ci il, iyunun 15-də Azərbaycanın qədim musiqi beşiyi, yenicə işğaldan azad edilmiş Şuşa şəhərində belə bir sənədin imzalanması təkcə Azərbaycan ilə Türkiyənin qardaşlığını bütün dünyaya bildirən bir mesaj deyildi, eyni zamanda tarixə, keçmişə bağlılığın tərənnümü idi. Çünki Şuşa Bəyannaməsi tarixi Qars müqaviləsinin 100 illiyinə təsadüf edirdi”.

Newscenter.az xəbər verir ki, bunları Milli Məclisin deputatı İlham Məmmədov deyib. Millət vəkili deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında 2021-ci il iyunun 15-də Şuşada imzalanan Bəyannamə iki qardaş ölkə arasında tarixi münasibətlərin yeni mərhələsinin əsasını qoydu:

“Şuşa Bəyannaməsi müttəfiqlik münasibətlərinin geostrateji əhəmiyyətini artırırdə. Bu sənəd eyni zamanda qardaşlığın yeni tarixi mərhələsinin başlanğıcı sayılırdı. Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin imzalanması ölkələrimiz arasındakı münasibətlərin bütün müstəvilərdə davamlı inkişafını təmin edirdi.

Bəyannamə Türkiyə və Azərbaycan arasındakı müttəfiqlik münasibətlərinin bütün sahələrini əhatə etməklə yanaşı, sülhə və inteqrasiyaya yol açan bir sənəd idi”.

Deputat qeyd edib ki, Şuşa Bəyannaməsi əraziyə yeni sərmayə qoyuluşu prosesini stimullaşdıran sənəd kimi də xarakterizə edilir:

“Çünki bu sənədlə Türkiyə Azərbaycanın Vətən müharibəsindən sonra regionda yaratdığı yeni reallığa, sabit vəziyyətə zəmanətçi olduğunu təsdiqləyirdi. Bu da nəticə etibarilə xarici investorların bölgəyə sərmayə qoymaq maraqlarını artırırdı. Nəticə etibarilə regionun artan investisiya potensialı yeni iqtisadi münasibətlərin formalaşmasına səbəb oldu, Şuşa və Şuşa ətrafının gözəl turizm imkanları açıldı”.

Deputat qeyd edib ki, Bəyannamədə nəzərdə tutulan hərbi əməkdaşlıq, regional əhəmiyyət daşıyan iqtisadi layihələr və bütün digər müstəviləri əhatə edən təşəbbüslər ölkəmizin beynəlxalq nüfuzunun artmasına müsbət təsir göstərən amillər oldu:

“Bəyannamə ölkələr arasında münasibətlərin gələcəyini müəyyən edir və iki ölkə arasında əlaqələri ən yüksək səviyyəyə qaldırırdı. Təsadüfi deyil ki, Bəyannamənin icrası həm də keyfiyyətcə daha yüksək işbirliyinin təminatı kimi xarakterizə edilir. Bu həm də dünyaya onun mesajı idi ki, Vətən müharibəsində olduğu kimi, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması prosesində də Azərbaycan ilə Türkiyə arasında sıx əməkdaşlıq mövcuddur”.

İlham Məmmədov onu da qeyd edib ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qələbə qazanaraq regionda yeni reallıqlar yaratdı və bu reallıqlardan biri Bəyannamədə də qeyd edilən Zəngəzur dəhlizidir:

"Bu dəhliz Mərkəzi Asiya ilə Avropa arasındakı ticarəti genişləndirməklə yanaşı, siyasi əlaqələri də artırır və bu əlaqələrin formalaşmasında Türkiyə ilə Azərbaycan aparıcı rol oynayır. Orta Dəhlizin yeni nəfəsi olan Qars-İğdır-Naxçıvan dəmir yolu layihəsi uğurla həyata keçirilir. Həmin dəmir yolu layihəsi muxtar respublikanın nəqliyyat və iqtisadi potensialını artıracaq, eyni zamanda, beynəlxalq ticarətə yeni imkanlar yaradacaq. Zəngəzur dəhlizinin tərkib hissəsi olan Qars-İğdır-Aralıq-Dilucu-Sədərək-Naxçıvan-Culfa dəmir yolu xətti təkcə Türkiyə və Naxçıvanı Azərbaycanın əsas ərazisi ilə birləşdirmir, eyni zamanda daha qlobal xarakter daşıyır və Avropa ilə Asiyanın ticarət əlaqələri üçün olduqca əlverişlidir. Həmçinin dəmir yolu xəttinin Bakı-Tbilisi-Qars layihəsi ilə inteqrasiyası nəzərdə tutulur".

Süleyman
Xəbəri paylaş