Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Milli Məclisdə "Media haqqında" qanuna dəyişikliklər müzakirə edilib

Milli Məclisdə "Media haqqında" qanuna dəyişikliklər müzakirə edilib


İyunun 16-da Milli Məclisin İnsan hüquqları komitəsinin növbəti iclası keçirilib. Komitənin sədri Zahid Oruc iclasın gündəliyinə 3 məsələnin daxil edildiyini bildirib.

Newscenter.az xəbər verir ki, əvvəlcə, iclasda “Dövlət qulluğu haqqında” və “Media haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsi birinci oxunuşda təqdim edilib.

Komitə sədri məsələ barədə danışaraq, layihənin dövlətin milli informasiya məkanının hibrid hücumlardan qorunması, regional və beynəlxalq məkanda yaranan çağırışlara uyğun media strukturlarının gücləndirilməsi, institusional mexanizmlərin təkmilləşdirilməsi baxımından əhəmiyyətli olduğunu deyib. O, ölkə Prezidentinin medianın inkişafına daim yüksək qayğı və diqqət göstərdiyini vurğulayıb.

Bildirilib ki, "Media haqqında" Qanunun qəbulundan ötən dövr ərzində informasiya mühitinin sağlamlaşdırılması və qorunması sahəsində qəbul edilən yeni hüquqi aktlar öz müsbət nəticələrini göstərib, informasiya coğrafiyamız daha da genişlənib və milli maraqlarımızın müdafiəsində mətbuatın rolu artıb. Media sahəsində aparılan islahatlar çərçivəsində hazırda iki qurum fəaliyyət göstərir – Azərbaycan Respublikasının Audiovizual Şurası və Medianın İnkişafı Agentliyi (MEDİA) və hər iki qurumun fəaliyyəti bir-birini tamamlayır.

Eyni zamanda, qeyd olunub ki, milli informasiya təhlükəsizliyini və medianın iqtisadi müstəqilliyini təmin etmək üçün Azərbaycanda media sahəsinə münasibətdə daha çevik və kollegial mexanizmə keçid zərurəti yaranıb. Layihədə "Media haqqında" qanuna bununla bağlı dəyişiklik nəzərdə tutulur. Təkliflərin mahiyyəti ondan ibarətdir ki, mövcud Audiovizual Şuranın və MEDİA Agentliyinin strukturları əsasında kollegial idarəetmə sisteminə malik vahid bir qurum – Media və Yayım Şurası yaradılır. Belə ki, "Media haqqında" Qanunun 43-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında media və yayım sahəsində səlahiyyətli dövlət orqanı Şura olacaq. Qanun layihəsində, həmçinin Şura ilə bağlı vəzifə və öhdəliklərin öz əksini tapması və qurumun kollegial idarəetmə modelini əsas götürməsi medianın müstəqilliyinə və quruma münasibətdə ictimai etimadın yüksəlməsinə zəmanət verir. Təklif olunan dəyişikliklər daxili informasiya məkanının təhlükəsizliyini təmin etməyə, eləcə də yerli medianın inkişafına təkan verməyə şərait yaradacaq.

Sonra məsələ ilə bağlı müzakirələrdə komitə üzvləri Vüqar Rəhimzadə, Sevil Mikayılova, Azər Allahverənov, Bəhruz Məhərrəmov, Tural Gəncəliyev, Razi Nurullayev çıxış edərək, qanun layihəsinin mütərəqqi xarakter daşıdığını, təklif olunan dəyişikliklərin mühüm əhəmiyyət kəsb etdiyini bildiriblər.

Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Audiovizual Şurasının Aparat rəhbəri Fazil Novruzov və Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədov son dövrlər süni intellektin və digər texnoloji yeniliklərin həyatımızın bütün sahələri ilə yanaşı, media sektoruna da nüfuz etdiyini bildiriblər. Yeni reallıqların media mühitinə və ümumilikdə informasiya siyasətinə yeni yanaşmaların tətbiqini zəruri etdiyini, təklif olunan islahat xarakterli dəyişikliklərin məhz bu məqsədə xidmət etdiyini söyləyiblər. Vurğulanıb ki, hazırda milli informasiya mühitinin təhlükəsizliyini qorumaq, dezinformasiyaya qarşı effektiv mübarizə aparmaq və media subyektlərinin dayanıqlılığını təmin etmək prioritet məsələlər sırasındadır.

Sonra iclasda İnzibati Xətalar Məcəlləsində, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə (ikinci oxunuş) baxılıb.

Məsələ barədə İnsan hüquqları komitəsinin sədri Zahid Oruc, Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov, Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov fikirlərini açıqlayıblar.

Bildirilib ki, informasiya texnologiyalarının sürətli inkişafı müsbət tərəfləri ilə yanaşı, mənfi təsirlərini də büruzə verir. Qeyd olunub ki, bu təsirlərdən qorunmaq üçün mütəmadi profilaktik tədbirlər görülməli və maarifləndirmə işləri aparılmalıdır. Təqdim edilən qanun layihəsində sosial şəbəkələrdə fərdi rəqəmsal hesabların açılması üçün müvafiq yaş həddinin müəyyən edildiyi və buna riayət olunmasının vacibliyi vurğulanıb. Təklif olunan dəyişikliklərin müasir rəqəmsal dövrdə uşaqların təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıdığı söylənilib.

İclasda, bununla yanaşı Mənzil Məcəlləsində, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” və “Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi də (ikinci oxunuş) nəzərdən keçirilib.

Bildirilib ki, qanun layihəsi məcburi köçkünlərin işğaldan azad edilmiş ərazilərdə yaşayış sahələrinə köçürülməsi, onların mülkiyyət hüququnun təmini və məcburi köçkün statusu ilə bağlı qanunvericilik aktlarının təkmilləşdirilməsi məqsədilə hazırlanıb.

Komitə iclasında təqdim edilən hər üç qanun layihəsi baxılmaq üçün Milli Məclisin iclasına tövsiyə olunub.

İclasda İnsan hüquqları komitəsinin sədr müavini Arzuxan Əli-zadə, komitə üzvü Mircəlil Qasımlı və digər rəsmi şəxslər iştirak ediblər.

Süleyman
Xəbəri paylaş