Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir

Rusiyanın müharibə aparmaq imkanları tədricən zəifləyir


"Ukraynanın Rusiyanın enerji infrastrukturuna hücumları, Moskvaya vurulan ən ağır və ağrılı strateji zərbələrdən hesab olunur. Onlar həm iqtisadiyyata, həm də hərbi logistikaya ciddi şəkildə təsir edə biliblər və belə bir vəziyyət, Rusiyanın müharibə aparmaq imkanlarını, tədricən zəiflədir. Amma bu amil, tezliklə müharibənin bitəcəyini deməyə əsas vermir və Kremlin yaxın vaxtlarda geri çəkiləcəyini də demək hələ tezdir".

Newscenter.az xəbər verir ki, bunları siyasi ekspert Çingiz Şahbazi deyib. O qeyd edib ki, bütün bunlar faydasızdır, demək də doğru olmazdı:

"Cünki, uzunmüddətli təzyiqlər davam edərsə, Rusiyada ölkə daxili narazılıqların artması ehtimal olunur. Bu da öz növbəsində illərlə davam edən müharibə ilə bağlı ictimai-siyasi fikiri ciddi şəkildə dəyişə bilər. Hazırda çətin duruma düşən Putin Rusiyası, Ukraynanın davamlı zərbələrindən sonra xeyli dərəcədə pərişan durumdadır. Ölkədə benzin və dizel qıtlığı kəskin şəkildə artıb. Sərbəst bazarda yanacaq qiymətləri rekord həddə çatıb. Rusiyanın şəhər və rayonlarında yanacaqdoldurma məntəqələrində uzun növbələr yaranıb. Bəzi şəhərlərdə yanacaq satışı məhdudlaşdırılıb. Bütün bu baş verənləri Kremlin özü də etiraf edir. Bu da o deməkdir ki, ordunun yanacaq təminatı çətinləşir və bu da logistika və nəqliyyat xərclərini artıracaq".

Ekspert deyib ki, Ukrayna ordusu tərəfindən sıradan çıxarılmış neft emalı zavodlarının yenidən qurulması və bərpası, zaman aparan amildir:

"Həm də bahalı avadanlıq deməkdir. İntensiv hücumlar isə bu zavodların bərpasını mümkünsüz edir. Mülki əhali arasında narazılıq artıb və hökumət daxili bazarı sabit saxlamaq üçün ixracı məhdudlaşdırmaq qərarına gəlib. Baş verənlər ölkədə siyasi və iqtisadi durumun nə qədər kritik olduğunu göstərir. Hesab edirəm ki, bütün bunlar Putinin yarıtmaz siyasəti nəticəsindədir və bu vəziyyətin davamlı olacağı ehtimalı yüksəkdir. Bu səbəbdən də cəbhədə ciddi hərbi uğursuzluqların baş verməsi ehtimalı hər gün artır. Beynəlxalq təcrid, ictimai narazılıq, cəbhədə uğursuzluq və digər mövcud böhranlar Putin Rusiyasını geri addım atmağa məcbur edə bilər. Çünki tükənməkdə davam edən Rusiya, müharibəni bundan sonra, əvvəlki intensivlikdə davam etdirmək imkanına malik deyil və bu vəziyyət onu daha mürəkkəb duruma salır".

Süleyman
Xəbəri paylaş