
“Azərbaycanın Avropada yeri və rolu hər ötən gün daha da artır. Xüsusilə, enerji sahəsində əməkdaşlıq iki tərəf arasında perspektivli gələcək vəd edir. Düzdür, hazırda da Bakı ilə qoca qitə arasında enerji sahəsində olduqca səmərəli əməkdaşlıq mühiti mövcuddur və bu gün Avropanın 20-yə yaxın ölkəsi Azərbaycan qazının alıcısıdır. Nəzərə alsaq ki, bu ölkələrin 10-dan çoxu Avropa İttifaqının üzvüdür, o zaman bu həm də Azərbaycanla Avropa İttifaqı arasında möhkəm əməkdaşlıq mühitinin formalaşdığının təsdiqidir”.
Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı Avropa Komissiyasının prezidenti Ursula fon der Lyaenin Azərbaycana səfərini şərh edərkən deyib. O bildirib ki, sözügedən səfər Avropanın enerji təhlükəsizliyi məsələsində Azərbaycana ciddi şəkildə ehtiyacı olduğunu bir daha ortaya qoyur:
“Son illər dünyada baş verən proseslərə nəzər yetirsək görərik ki, geosiyasi dəyişikliklər, enerji bazarındakı transformasiya, qlobal nəqliyyat marşrutlarının yenidən formalaşması və Avropanın enerji təhlükəsizliyi məsələləri Azərbaycanın əhəmiyyətini daha da artırıb. Bu baxımdan Avropa Komissiyası prezidentinin Bakıya səfəri Brüsselin Azərbaycanı regional tərəfdaşdan daha çox, strateji tərəfdaş kimi gördüyünü nümayiş etdirir. Məlumat üçün qeyd edək ki, 2022-ci ildən etibarən Avropa İttifaqı enerji təhlükəsizliyi sahəsində yeni siyasət formalaşdırmağa başladı. Təbii qaz təchizatının şaxələndirilməsi Brüsselin əsas prioritetlərindən birinə çevrildi. Bu prosesdə Azərbaycanın Avropa üçün cəlbediciliyi önə çıxırdı. Daha dəqiq desək Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın etibarlı enerji tərəfdaşlarından biri kimi ön plana çıxdı”.
Arzuman Muradlı deyib ki, əlaqələr, xüsusilə enerji sahəsində əməkdaşlıq inkişaf etdikcə bu sektor üzrə yeni imkanlar da dəyərləndirilir, ənənəvi enerji mənbələri ilə yanaşı, alternativ enerji mənbələri sahəsində də əməkdaşlıq perspektivləri ortaya çıxır:
“Təsadüfi deyil ki, Avropa Komissiyasının prezidentinin Azərbaycanın dövlət başçısı ilə ötən gün keçirdiyi görüşdə də bu məsələyə xüsusi diqqət yetirildi. Aparılan müzakirələrdən məlum oldu ki, Avropa İttifaqı Azərbaycanın bərpa olunan enerji potensialını, xüsusilə Xəzər dənizində külək enerjisi imkanlarını və yaşıl enerji ixracı perspektivlərini dəyərləndirir. Brüssel bu istiqamətdə Bakı ilə əməkdaşlığa xüsusi önəm verərək bunu strateji istiqamət kimi görür. Bu baxımdan Bakıda aparılan danışıqlar göstərdi ki, enerji əməkdaşlığı yaxın illərdə həm təbii qazı, həm də yaşıl elektrik enerjisini əhatə edən daha geniş format alacaq”.
Arzuman Muradlı qeyd edib ki, səfər zamanı diqqət çəkən mövzulardan biri də nəqliyyat və logistika sahəsində əməkdaşlığın inkişaf etdirilməsi oldu:
“Bu baxımdan Avropa İttifaqı Orta Dəhlizə (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) xüsusi önəm verir. Avropa ilə Asiya arasında yükdaşımaların diversifikasiyası xüsusi əhəmiyyət qazandığından Azərbaycan da bu marşrutun əsas logistika mərkəzlərindən birinə çevrilib. Bu mənada Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu və ölkənin müasir nəqliyyat infrastrukturu Avropa üçün alternativ ticarət yolunun formalaşmasında mühüm rol oynayır. Belə demək mümkünsə, Brüsselin məqsədi Orta Dəhlizin yükötürmə qabiliyyətini artırmaq, nəqliyyat prosedurlarını sadələşdirmək və bu marşrutu qlobal ticarətin əsas xətlərindən birinə çevirməkdir”.
Süleyman












































