
“Həm zəngin təbii mənbələri və enerji resursları, həm də sabit və təhlükəsiz ölkə olması Azərbaycana olan beynəlxalq marağı artırır. Müntəzəm olaraq ölkəmizə baş tutan yüksək səviyyəli səfərlər bunu aydın şəkildə ortaya qoyur. Günümüzdə Bakıya olan diqqət və maraq Avropada daha çox özünü büruzə verir ki, bu da təbiidir. Çünki qoca qitənin enerji təhlükəsizliyində Azərbaycan xüsusi rol oynayır. Elə Avropa Komissiyasının prezidenti Ursula for der Lyaenin ölkəmizə səfəri də məhz bu marqdan irəli gəlirdi”.
Bunları Newscenter.az-a Milli Məclisin deputatı İlham Məmmədov Avropa Komissiyasının prezidentinin Azərbaycana səfərini şərh edərkən səsləndirib. Millət vəkili bildirib ki, Avropanın enerji təhlükəsizliyinin təminatında önəmli rol oynayan Azərbaycana olan ehtiyac son vaxtlar daha da artıb. İlham Məmmədovun sözlərinə görə, xüsusilə regional münaqişələr fonunda ənənəvi nəqliyyat marşurutları, eləcə də neft və qaz kəmərlərinin, onlar vasitəsilə ötürülmələrin riskli olması Bakıya olan marağın artmasını şərtləndirən başlıca amillər sırasındadır:
”Məlum olduğu kimi Azərbaycan Avropanın əsas qaz tədarükçüsünə çevrilib. Rusiya-Ukrayna müharibəsindən sonra qoca qitənin Azərbaycan qazına ehtiyacı daha da artıb. Hazırda Avropa İttifaqının 10-dan artıq ölkəsi Azərbaycan qazını alır ki, bu da kifayət qədər ciddi rəqəmdir. Bununla yanaşı Azərbaycan qazını almağı hədəfləyən Avropa ölkələrinin sayı artmaqdadır. Bu baxımdan Brüssel Bakı ilə əməkdaşlığa xüsusi önəm verir. Əsas etibarilə də enerji sahəsində Bakı ilə əməkdaşlıq, eyni zamanda bu əməkdaşlığı daha da dərinləşdirmək Aİ üçün bu gün əsas prioritetdir. Elə Avropa Komissiyasının prezidenti Ursula for der Lyaenin Azərbaycana səfərinin başlıca məqsədlərindən biri də bu idi”.
İlham Məmmədov deyib ki, Avropa Komissiyasının prezidentinin Azərbaycana səfəri mövcud əməkdaşlığı dərinləşdirməklə yanaşı, eyni zamanda enerji sektorunda əlməkdaşlığı şaxələndirmək, alternativ enerji mənbələrindən istifadəni hədəfləyib:
“Bu çərçivədə qurulacaq əməkdaşlıq çərçivəsində yaxın gələcəkdə Xəzərdən Qara dəniz vasitəsilə Avropaya yaşıl elektrik enerjisinin ixracı, hidrogen texnologiyaları, yaşıl enerji kabeli layihələrinin reallaşdırılması nəzərdə tutulur. Qeyd edilən sahələr Avropa–Azərbaycan əməkdaşlığının əsas istiqamətlərindən birinə çevrilə bilər. Bir sözlə bu səfər enerji təhlükəsizliyi, nəqliyyat, yaşıl iqtisadiyyat, rəqəmsal inkişaf və regional sabitlik kimi sahələrdə əməkdaşlığın yeni mərhələyə keçəcəyindən xəbər verir”.
Süleyman












































