
"Türkiyə Prezidentinin baş müşaviri Oqtay Saral istefaya göndərildi. Başqa sözlə desək, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana görə öz üsyankar müşavirini işdən çıxardı. Bu qərar heç şübhəsiz ki, onun Azərbaycan məktəblərində vahid geyim qaydalarının tətbiqinə qarşı məlum açıqlaması ilə əlaqəlidir. Oktay Saralın özü də bu həqiqəti gizlətmir".
Newscenter.az xəbər verir ki, bunları Azərbaycan Həmrəylik Komitəsinin sədri Əlisahib Hüseynov deyib. O bildirib ki, Ərdoğanın qatı dinçi baş müşavirinin görəvdən alınması gözlənilən idi:
"Çünki onun ölkəmizin təhsil sistemində vahid məktəbli geyimi qaydalarının tətbiqindən sonra səsləndirdiyi ittihamlar gerçəkdən də Azərbaycan-Türkiyə münasibətlərinin mövcud durumuna mənfi təsir göstərmişdi. Saralın öz səlahiyyətlərini aşaraq göstəriş və təhdid tonuyla çağırışlar etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq etiraz doğurmuşdu".
Komitə sədri qeyd edib ki, qardaş ölkənin dövlət başçısının baş müşaviri diplomatik çərçivələri aşaraq və öz şəxsi dini hisslərini önə çəkərək Azərbaycanın suveren hüquqlarına müdaxilə etmiş, daxili işlərimizə qarışmış və nəticədə, iki ölkə arasındakı münasibətlərdə süni gərginliyə səbəb olmuşdu:
"Dövlət ağlı dini hisslərə yenik düşmüşdü. Əslində, radikal və siyasi islamçılar, dar düşüncəli insanlar dövlət qulluğunda olmamalıdırlar. Çünki onlar Türkiyə-Azərbaycan münasibətlərinə kölgə sala biləcək təbliğatla məşğul olurlar. Oktay Saral isə onların başında gəlirdi.
Qosqoca Türkiyənin dövlət başçısının müşaviri vəzifəsini daşıyan bir şəxs bu cür məsuliyyətsiz hərəkətə yol verməməli, Azərbaycanı hədəfə gətirməməliydi. Amma necə deyərlər, olan oldu. Və Oktay Saral bu gün öz ağır səhvinin qaçılmaz bədəli ilə üzləşdi. Rəcəb Tayyib Ərdoğan Oktay Saralı istefaya göndərməklə düzgün addım atdı. Bəli, Azərbaycan-Türkiyə strateji maraqları oktay saralların gələcək taleyindən daha önəmlidir - həm Ankara, həm də Bakı üçün".
Süleyman











































