
Bu gün Azərbaycan polisi yaranmasının 108-ci ildönümünü və peşə bayramını qeyd edir.
Azərbaycan polisinin keçdiyi yol həm zəngin tarix, həm də fədakarlıq, peşəkarlıq və Vətənə sədaqət nümunəsi kimi qiymətləndirilir.
Bir əsrdən artıq tarixə malik olan daxili işlər orqanları ötən illər ərzində dövlətçiliyin möhkəmləndirilməsi, ictimai asayişin qorunması, cinayətkarlıqla mübarizə və vətəndaşların təhlükəsizliyinin təmin olunması istiqamətində mühüm xidmətlər göstərib.
1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan polis orqanları ilk müstəqil dövlətimizin təhlükəsizliyinin qorunmasında mühüm rol oynayıb.
Daxili işlər orqanlarının möhkəm nizam-intizama, yüksək peşəkarlığa malik qurum kimi formalaşmasında Ümummilli Lider Heydər Əliyevin həyata keçirdiyi islahatlar mühüm rol oynayıb. Xüsusilə Ulu Öndərin ölkəyə ilk rəhbərliyi dövründə – 1970–1980-ci illərdə daxili işlər orqanlarında idarəetmə sistemi təkmilləşdirilib, xidmət intizamı gücləndirilib, peşəkar kadr hazırlığına xüsusi önəm verilib.
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra daxili işlər orqanlarının inkişafında yeni mərhələ başlanıb. Birinci Qarabağ müharibəsində Polis orqanı xüsusi fədakarlıq göstərib. 1700-ə yaxın polis əməkdaşı və hərbi qulluqçu şəhidlik zirvəsinə ucalıb, 1710 nəfər yaralanıb. Onların göstərdikləri qəhrəmanlıq dövlət tərəfindən yüksək qiymətləndirilib – 67 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görüldü, 1143 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilib.
Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı Fərmanla iyulun 2-sinin Azərbaycan Polisi Günü elan olunması isə polis əməkdaşlarının cəmiyyət və dövlət qarşısındakı xidmətlərinə verilən yüksək dəyərin bariz ifadəsi kimi tarixə düşüb.
Prezident İlham Əliyevin rəhbərliyi dövründə daxili işlər orqanlarının inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən biri olub.
Daxili işlər orqanlarının şərəf salnaməsində 44 günlük Vətən müharibəsi xüsusi yer tutur. Daxili Qoşunların xüsusi təyinatlıları döyüş əməliyyatlarında yüksək peşəkarlıq və fədakarlıq nümayiş etdirərək mühüm strateji tapşırıqları uğurla yerinə yetiriblər. Döyüşlər zamanı düşmənin canlı qüvvəsinə və hərbi texnikasına ciddi zərbələr endirilib. Vətən müharibəsində Daxili Qoşunların 66 hərbi qulluqçusu şəhid olub, 346 nəfər yaralanıb. Göstərilən igidliyə görə 1690 əməkdaş müxtəlif orden və medallarla təltif edildi, onlardan 4-ü isə “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülüb.
2023-cü il sentyabrın 19-da keçirilən antiterror əməliyyatı zamanı Daxili İşlər Nazirliyinin (DİN) 20 əməkdaşı şəhidlik zirvəsinə yüksəlib.
Vətən müharibəsindən sonra işğaldan azad olunmuş ərazilərdə dövlətimizin başçısının Fərmanı ilə Azərbaycan Respublikasının inzibati ərazi bölgüsünə müvafiq olaraq yaradılan və hər rayon üzrə xüsusi idarəetməni həyata keçirən müvəqqəti komendantlıqların fəaliyyətinin təşkilinin DİN-ə həvalə edilməsi Azərbaycan polisinə göstərilən yüksək etimadın daha bir göstəricisi sayıla bilər.
Azərbaycan polisi ölkəmizdə sabitliyin və ictimai təhlükəsizliyin qorunması istiqamətində əldə olunan uğurlar Azərbaycanın beynəlxalq nüfuzunun artmasına öz mühüm töhfəsini verməkdədir.
Bütün Polis orqanı əməkdaşlarını bu şərəfli və əlamətdar gün münasibətilə təbrik edirəm!
Vaqif Abdullayev, siyasi elmlər doktoru, professor












































