
"9 İyul – Diplomatiya Günü münasibətilə bir daha əmin olduq ki, müasir dünyada davamlı sülhün ən güclü təminatı müharibə deyil, diplomatiya, qarşılıqlı hörmət, dialoq və beynəlxalq hüquqa əsaslanan əməkdaşlıqdır. İnsan hüquqlarının qorunması, dövlətlər arasında etimadın möhkəmləndirilməsi və fikir ayrılıqlarının danışıqlar yolu ilə həlli müharibələrin qarşısının alınması üçün əsas və alternativsiz vasitədir".
Newscenter.az xəbər verir ki, bunları Qlobal Həmrəylik Şurasının Qafqaz üzrə sədri beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin uzaqgörən siyasəti, incə diplomatiyası və dialoqa əsaslanan mövqeyi nəticəsində Azərbaycan dövləti beynəlxalq münasibətlərdə öz sözünü deyən, etibarlı və güclü tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
David Seliverstovun sözlərinə görə, bu siyasətin ruhuna uyğun olaraq hər birimiz öz imkanlarımız daxilində Türkiyənin tarixi məsələlərinin İsrail parlamentində – Knessetdə müzakirəyə çıxarılmaması istiqamətində səy göstərdik və öz töhfəmizi verməyə çalışdıq:
"Bu prosesdə İsraildə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları, dövlət və hökumət nümayəndələri, Azərbaycan dövlətini sevən yəhudi icmalarının rəhbərləri, Azərbaycandakı yəhudi dini və ictimai icmalarının nümayəndələri, eləcə də məsələnin gündəmdən çıxarılması üçün fəaliyyət göstərən hər kəs həmrəylik və məsuliyyət nümayiş etdirdi.
Onların hər birinə təşəkkür edir, göstərilən səyləri yüksək qiymətləndiririk. Bu cür həmrəylik Azərbaycan, Türkiyə və İsrail xalqları arasında qarşılıqlı etimadın, dostluğun və sülhün möhkəmlənməsinə xidmət edir".
David Seliverstov, "Bu prosesdə Pavel Yelizarovun da kiçik, lakin dəyərli bir töhfəsi olmuşdur. Buna görə ona hər hansı vəzifə və ya təşkilat rəhbəri kimi deyil, bir dost kimi səmimi təşəkkürümü bildirirəm. Dostluq bəzən böyük sözlərlə deyil, doğru zamanda göstərilən kiçik, lakin mənalı dəstəklə öz həqiqi dəyərini nümayiş etdirir.
Diplomatiya xalqları qarşı-qarşıya qoymur, onları bir masa arxasında birləşdirir. Diplomatiya müharibənin qarşısını alan, insan həyatını qoruyan və dövlətlər arasında etimad yaradan ən güclü vasitədir. Yaşasın bütöv Azərbaycan! Yaşasın Ali Baş Komandan!",-deyə vurğulayıb.
Süleyman












































