
Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi və Ədliyyə Akademiyasının birgə təşkilatçılığı ilə "Korrupsiya cinayətləri ilə mübarizədə məhkəmə ekspertizasının rolu" mövzusunda elmi-praktiki seminar keçirilib.
Newscenter.az xəbər verir ki, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022–2026-cı illər üçün Milli Fəaliyyət Planı" çərçivəsində təşkil olunan tədbirdə korrupsiya cinayətlərinin araşdırılmasında məhkəmə ekspertizasının rolu, bu sahədə müasir çağırışlar və digər aktual məsələlər müzakirə edilib.
Seminarda "Korrupsiyaya qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri", "Korrupsiya cinayətlərində yeni çağırışlar: nüfuz alveri", "Korrupsiya cinayətlərində sənədlərin həqiqiliyinin müəyyən edilməsində ekspertizanın rolu", "Korrupsiya cinayətlərinin araşdırılmasında rəqəmsal sübutların əldə olunması və tədqiqi", "Korrupsiya cinayətlərinin araşdırılmasında məhkəmə-mühasibat ekspertizasının həll etdiyi məsələlər" və "Korrupsiya cinayətləri üzrə işlərdə fonoskopik və linqvistik ekspertizaların rolu" mövzularında təqdimatlar dinlənilib.
Tədbirdə Məhkəmə Ekspertizası Mərkəzi, Ədliyyə Akademiyası, Azərbaycan Respublikasının Baş Prokurorluğu, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası, Bakı Dövlət Universiteti, Milli Aviasiya Akademiyası, Daxili İşlər Nazirliyinin Polis Akademiyası, Vəkillər Kollegiyası və digər dövlət qurumlarının nümayəndələri, hüquqşünas alimlər və məhkəmə ekspertləri iştirak ediblər.
Seminarın əsas məqsədi korrupsiya cinayətlərinin aşkar edilməsi, araşdırılması və sübuta yetirilməsi prosesində məhkəmə ekspertizasının rolunu elmi-praktiki baxımdan müzakirə etmək, bu sahədə formalaşmış müsbət təcrübəni bölüşmək, aidiyyəti qurumlar arasında əməkdaşlığın və səmərəli fikir mübadiləsinin daha da inkişafına töhfə vermək olub.
Tədbir çərçivəsində, həmçinin "Korrupsiyaya qarşı mübarizənin cinayət-hüquqi və kriminoloji aspektləri" adlı elmi-metodiki vəsaitin təqdimatı keçirilib.
Süleyman












































