
1 Avqust — Azərbaycan Əlifbası və Azərbaycan Dili Günüdür. Bu gün sadəcə təqvimdəki bir tarix deyil, milli varlığımızın, ruhumuzun və özünüdərkimizin qeyd olunduğu xüsusi bir gündür. Çünki dil sadəcə insanlar arasında bir kommunikasiya vasitəsi deyil, eyni zamanda millətin varlığının əsasını təşkil edən mühüm amildir. Hər bir millətin milli kimliyini, mədəniyyətini, mənəvi dünyasını və tarixi yaddaşını özündə yaşadan onun dilidir.
Bir insan bir neçə dil bilər və sərbəst şəkildə ünsiyyət qura bilər. Amma öz millətinin dilini mükəmməl bilən şəxs özünü sözün əsl mənasında millətinin bir parçası kimi hiss edir, vətənə olan məsuliyyətini və borcunu dərk edir.
Dil mədəniyyəti təbliğ edən, eləcə də onu yaşadan əsas vasitələrdəndir. Millətin qonaqpərvərliyindən tutmuş milli-mənəvi dəyərlərinə qədər hər şey o xalqın deyimlərində, atalar sözlərində öz əksini tapır. Poeziya, bayatılar, nağıllar və laylalar vasitəsilə millət öz daxili dünyasını dilə gətirir. Bəzi hiss və anlayışlar var ki, onları başqa bir dilə eynilə tərcümə etmək çətindir, çünki onlar birbaşa həmin millətin öz ruhuna məxsusdur.
Dil olmasa tarix unudular, yaddaşlardan silinər. Xalq keçdiyi tarixi yolu, yaşantılarını və mübarizəsini öz söz ehtiyatında və dilinin strukturunda yaşadır. Tarixi hadisələr dastanlarda, romanlarda öz əksini tapır.
Beləliklə, dil bu dörd anlayışı — milli kimliyi, mədəniyyəti, mənəvi dünyanı və tarixi yaddaşı özündə birləşdirən bir vasitədir. Əgər dil yox olarsa, bu dörd sütun da dayaqsız qalar və millətin özünəməxsusluğu itər. Məhz buna görə də 1 Avqust — Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü bizə öz ana dilimizi qorumağın, onu mükəmməl bilməyin və gələcək nəsillərə ötürməyin hər birimizin vətəndaşlıq borcu olduğunu növbəti dəfə xatırladır.
Ruhiyyə Mehdiyeva,
"Təhsilə Dəstək və Maarifləndirmə" ictimai birliyinin sədr müavini, fəlsəfə doktoru











































