
İkinci Qarabağ Müharibəsindən danışarkən tarixi zəfərimizin hərbi-siyasi nəticələrinin təkcə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırmaqla yekunlaşmadığı artıq hər kəsə məlumdur. Cənubi Qafqazda yaranan yeni geosiyasi və geoiqtisadi konfiqurasiya Mərkəzi Asiya türk cumhuriyyətləri üçün də olduqca əhəmiyyətli və perspektivli bir hadisə oldu. Əlbəttə bu olduqca həssas məsələni daha geniş şəkildə təsvir etməkdə fayda var.
Yaxın keçmişə qayıdarsaq, 2020-ci ilə qədər Cənubi Qafqaz və Mərkəzi Asiyada Rusiyanın təsiri kifayət qədər güclü idi. 2020 - ci ildən sonra isə bölgədə bəlli dinamika fonunda Kremlin təsir mexanizmləri əhəmiyyətli dərəcədə azalmağa başladı. Mövcud müsbət aktivlik öz növbəsində Orta Asiyaya da keçid etdi. Qardaş ölkələr ilk növbədə SSRİ - dən miras qalan ərazi mübahisələrini həll etməyə başladılar və bununla da bir növ Moskvanın daxili münaqişələrdən faydalanma strategiyasını minimallaşdırdılar. Lakin məsələlər təkcə bununla yekunlaşmır. Bəlli olduğu kimi, tarixi adı ilə desək Türküstan bölgəsi məhz coğrafi mövqeyi baxımından uzun müddət iqtisadi cəhətdən Rusiya və Çinin təsirində qalmışdır. Regionun Qərbə açılan yeganə qapısı olan Cənubi Qafqazda 2020 - ci ilə qədər münaqişənin hökm sürməsi bu asılılığı sabitləşdirən əsas faktorlardan biri idi. Ancaq məhz 44 günlük qəhramanlıq dastanı bütün balansı dəyişdi. Bu dəyişikliyi görmək üçün 2020 - ci ildən sonrakı diplomatik hərəkətliliyə nəzər yetirmək kifayətdir.
Hazırda Mərkəzi Asiyanın zəngin təbii ehtiyatları, xüsusilə, nadir torpaq elementləri Qərb ölkələrinin diqqətini cəlb edir və bu aktivlik fonunda Azərbaycanın tranzit imkanları burada ön plana keçir.
Prezident İlham Əliyevin mütəmadi olaraq Orta Asiya ölkələrinə səfərlər təşkil etməsi və qardaş ölkə liderlərinin də ölkəmizi tez-tez ziyarət etməsi böyük bir oyanışın və yeni birliyin inşasının təsdiqidir. Müasir beynəlxalq münasibətlər sistemində artıq etibarlı tərəfdaşlıqlar formalaşdırmadan ayaqda qalmaq olduqca çətin bir prosesdir və türk dünyası bu gerçəkliyin fərqindədir. Bu səbəbdən artıq vahid türk dünyası ideyası qurulmaqda olan bir qala kimi bütün əzəməti ilə ucalmaqdadır. Prezident İlham Əliyevin Qırğızıstana səfəri və səfər çərçivəsində nümayiş etdirilən dostluq, qardaşlıq tablosu türk erasının başladığının təsdiqidir.
Pərviz Mirizadə, siyasi şərhçi











































