Çərşənbə, 1 dekabr 2021, 23:17:05  
Sizin Reklam Burada.

İndiki həssas məqamda cəmiyyətin daha bütöv olması şərtdir

İndiki həssas məqamda cəmiyyətin daha bütöv olması şərtdir


“İndiki həssas məqamda cəmiyyətin daha bütöv olması başlıca şərtdir, nəinki müəyyən tarixi, dini məsələlərdən dolayı parçalanması. Azərbaycanı sevməyən, onun qüdrətli dövlətə çevrilməsini istəməyən, ölkəmizin regional və qlobal güc kimi çıxış etməsini həzm edə bilməyən qüvvələr zaman-zaman cəmiyyət arasında təfriqə salmağa, bölücülük yaratmağa çalışıblar. Təəssüflər olsun ki, dövlətimizə qarşı məkirli ssenari bu gün də davam edir”.

Bunları Newscenter.az-a politoloq Arzuman Muradlı son vaxtlar ölkədə tarixi və dini mövzuda müəyyən məsələləri gündəmə gətirməklə cəmiyyəti parçalamağa hesablanmış cəhdləri şərh edərkən səsləndirib. O təəssüf hissi ilə bildirib ki, bəzi siyasi və ictimai xadimlər də bilərəkdən, yaxud bilməyərəkdən bu oyunun oyunçusuna çevrilirlər:

“Kimin nə deməsindən, hansı yanaşmanı ortaya qoymasından asılı olmayaraq yaxın və uzaq tariximizlə fəxr edir, onu tədqiq edərək gələcək nəsillərə çatdırırıq. Hesab edirəm ki, bu işdə də tarixçilərin üzərinə böyük məsuliyyət düşür. Onlar da öz növbələrində “tarixi tarixçilər araşdırmalıdır” prinsipinə uyğun olaraq öz işlərinin öhdəsindən layiqincə gəlirlər. Ancaq bəzi siyasi və ictimai xadimlərin bu prosesə müdaxilə edib cəmiyyətdə parçalanmağa meyillilik yaratması yolverilməzdir”.

Arzuman Muradlı deyib ki, indiki məqamda cəmiyyətin daha monolit, yekdil, həmrəy olması lazımdır:

“Necə ki, 44 günlük Vətən müharibəsi zamanı bir olub, Ali Baş Komandan ətrafında 7-dən 77-yə hər kəs səfərbər olub düşmənə qalib gəldik, eləcə də indi eyni mövqe dəyişməz qalmalı, xarici təsirlərə, cəmiyyətdə təfriqə, parçalanma yaratmaq cəhdlərinə qarşı birlik, həmrəyliyimizlə layiqli cavabımızı verməliyik. Ən xırda xəta Azərbaycanda məkirli planlarını həyata keçirmək arzusunda olan xarici güclərin işinə yaraya bilər. Ona görə də hər birimiz ayıq-sayıq olmalıyıq”.

Süleyman
Xəbəri paylaş